Fransa prezidenti Emmanuel Makron bu həftənin sonu Vaşinqtona ikinci dövlət səfərini edəcək.
Analitiklər hesab edir ki, səfər çərçivəsində əsas mövzular arasında Ukrayna, ABŞ və Fransa arasında iqtisadi rəqabət müzakirə predmeti olacaq. Makronun ABŞ prezidenti Co Bayden və yüksək rütbəli ABŞ rəsmiləri ilə görüşü zamanı isə İranda hökumət əleyhinə etirazlar, rejimin nümayişçilərə qarşı zorakılığı, Livandakı vəziyyət də var.
Vaşinqtonda jurnalistlərə adının açıqlanmasını istəməyən mənbə bildirib ki, Makron ABŞ-a dövlət səfəri edən ilk Fransa prezidentidir. O ilk dəfə ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə Vaşinqtona getmişdi.
Vaşinqton və Paris arasındakı əlaqələr keçən il ABŞ, Avstraliya və Böyük Britaniya arasında təhlükəsizlik sazişinin imzalanmasından sonra nisbətən soyudu. ABŞ-ın qərarı Fransanın Avstraliyaya dizel mühərrikli sualtı qayıqlar satması ilə bağlı mövcud olan razılaşmanı pozmuşdu. ABŞ, Avstraliya və İngiltərə arasında yeni təhlükəsizlik sazişi elanından sonra Fransa Vaşinqtondakı səfiri Filip Etyenni Parisə qısa müddətə geri çağırıb. Amma Paris administrasiyası ABŞ ilə böhrandan çıxmaq üçün bəzi addımların atılmasının lazım olduğunu açıqlayaraq, hər iki ölkənin rəsmiləri münasibətləri düzəldiblər. Rusiyanın Ukraynada apardığı işğal ilə mübarizədə ABŞ-Fransa ilə koordinasiyalı çalışaraq həmçinin İraq, Suriya və Livanda əməkdaşlıqlarını davam etdirib.
Bununla belə, Fransanın açıq və özəl olaraq şikayət etdiyi əsas problem var. Bu, Bayden administrasiyasının “İnflyasiyanın azaldılması aktı”dır. Qanunla iqlim dəyişikliyi ilə mübarizə üçün qaynaqlar təmin etmək və fiziki şəxslərin sağlamlıq, vergi xərclərini azaltmaq məqsədi daşıyır.
Layihədəki yeni vergi tənzimləmələri ilə 10 il ərzində əldə ediləcək gəlirin karbon emissiyalarının azaldılmasında və səhiyyə xidmətlərində istifadə edilməsi hədəflənir.
Bu akt ABŞ istehsalçılarını qorumaq üçün nəzərdə tutulsa da, lakin Aİ ölkələri tərəfindən Rusiyanın Ukraynaya qarşı müharibəsi və Çinin iqtisadi təcrübələri səbəbindən artıq ağır vəziyyətlə üzləşmiş Avropa şirkətlərini birbaşa hədəfə alıb. Fransa rəsmilərinin verdiyi açıqlamalardan da bəlli olur ki, Makron bunu Bayden ilə müzakirə edəcək. Bu səfər zamanı Makronu Fransa şirkətlərinin bir neçə nümayəndəsi də müşayiət edəcək. Fransa mənbələrinin daha bir məlumatı isə Ukrayna ilə bağlıdır. Qeyd olunur ki, Fransa dekabrın 13-də Parisdə Ukrayna üçün donorlar konfransı keçirməyi planlaşdırır.
Fransa liderinin ABŞ-a edəcəyi səfərin müzakirələri arasında İran və Yaxın Şərq də var. İran 2015-ci ildə ləğv edilmiş nüvə sazişinin bərpası ilə bağlı canfəşanlıq edir. Tehran öz öhdəliklərini pozub, o cümlədən BMT-nin nüvə nəzarəti agentliyinin tələbləri ilə əməkdaşlıqdan imtina edib. Son aylarda həm daxili, həm də xarici siyasətində kritik vəziyyətdə olan İran Rusiyaya pilotsuz təyyarələr verməklə Ukraynaya qarşı müharibədə açıq şəkildə iştirak edib.
ABŞ-Fransa liderləri arasında müzakirə masasında olacaq daha bir mövzu isə Livanla bağlıdır. Fransa tərəfi bildirib ki, Rəsmi Vaşinqton Livan və İsrail arasında tarixi dəniz sərhədi sazişinin imzalanmasında Fransanın rolunu hər zaman vurğulayaraq buna görə təşəkkür edib. ABŞ tərəfi düşünür ki, Livan ABŞ və Fransa arasında ümumi cəhətlər var. Bu münasibətlərin inkişafı həm ABŞ, həm də Fransa üçün Yaxın Şərqdə güclü prioritet vəd edir.
Rəsmi açıqlamaya əsasən, Fransa prezidentinin ABŞ-a səfəri noyabrın 30-da başlayacaq və üç gün davam edəcək.
Gülbəniz Hüseynli / Metbuat.az