"Videoda danışdıqlarım hamısı uydurmadır" -

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Metbuat.az Trend-ə istinadən bildirir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət qaldıraraq ATV kanalında "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyevin məhkəməyə çağırılmasını istəyib. Onlar bildiriblər ki, Nərmin Quliyevanın meyiti tapılan gün Zaur Baxşəliyev verilişdə bildirib ki, Nərmin Quliyevanın başına dəmir parçası ilə 5 zərbə endirilib. Vəkillər bildiriblər ki, Z. Baxşıliyev məhkəməyə çağırılmalı və həmin faktları kimdən aldığını deməlidir. Hakim bildirib ki, vəsatət məhkəmə tərkibinə yazılı təqdim ediləndən sonra məhkəmə bu barədə qərar qəbul edəcək.

Prosesdə təqsirləndirilən İlkin Süleymanov hadisə yerində verdiyi ifadə ilə bağlı sualları cavablandırıb.

O bildirib ki, çəkiliş zamanı baş verənlərlə bağlı bir sıra məqamları məhkəmənin nəzərinə çatdırmaq istəyir:

"Fikir verirsinizsə, ayağımda tərlik var. Yanvarın 14-də tərlik geyinib küçəyə çıxmaq ağlabatan deyil. Mənim ayaqqabım vardı, amma işgəncədən ayaqlarım elə vəziyyətə düşmüşdü ki, ayağıma ayaqqabı geyinə bilmirdim. Bu səbəbdən tərlik verdilər. Mən o evə daxil olanda gördüm ki, orada əşyalar əvvəlki kimi deyil, qarışdırılıb. Yadınızdadırsa, məhkəmədə dindirmə zamanı məlum oldu ki, polislər yanvarın 9-dan 10-na keçən gecə bizim evimizə qanunsuz soxulublar. Güman edirəm ki, onda qarışdırıblar. Çəkilişdə də görünür, uşağın saxlandığı iddia olunan otaqda dəzgaha qoşulmaq üçün faza keçir. Atam məhkəmədə dindiriləndə demişdi ki, dekabrda qalxıb o otaqda fazanı qoşub, bəzi işlər görüb. Həmin vaxt otaqda heç kim olmayıb. Bacım oğlu Nicat yanvarın əvvəlində o otağa qalxıb, anamın paltosunu gətirib ki, geyinib yas yerinə getsin. O da bildirdi ki, otaqda heç kim olmayıb. Videoda görünür, pərdənin arxasında həmin paltarlar var. Əvvəl ifadədə demişdim ki, bilmirəm, niyə oğurlamışam uşağı. Sonra övladlığa götürmək məsələsi ortaya çıxdı. Övlad kimi baxmaq istədiyim uşağı soyuq otaqda, əl-ayağı bağlı saxlamaq absurddur. O video çəkiləndə Həsən Hənifəyev, Kamal Qılıcov, Arzu Daşdəmirov da ətrafda görünür. Amma onlar həmin vaxt hələ istintaq qrupunun tərkibində deyildi".

Məhkəmədə o da məlum olub ki, 6 yanvar 2020-ci ildə - yanmış meyit tapılan gün səhər saat 10-dan günorta saat 15.00-a qədər İlkin Süleymanov kəndin başqa sakinləri ilə birlikdə Gəncədə yas mərasimində olub. Amma videoçəkilişdə həmin gün haqqında danışarkən bu barədə heç nə deyilmir. İlkin Süleymanov bunu belə izah edib: "O videoda danışdıqlarım hamısı uydurmadır. Həmin gün real baş verənlər onları maraqlandırmırdı. Düşünürdüm ki, bəlkə ətrafda ailəmdən, qohumlardan kimisə görərəm, başıma gələnləri deyərəm. Deyərəm ki, bu cinayəti mən eləməmişəm. Düzü, bilmirəm, onu da deməyə cəsarət edəcəkdim, yoxsa yox. Çünki onların əlində idim. Amma evdə də, küçədə də heç kimi görmədim".

Prosesdə ifadə verən Nərmin Quliyevanın bacısı Şəbnəm Quliyeva deyib ki, həmin gün bacısı xəstə olub, bu səbəbdən məktəbdən də icazə alıb tez gəlibmiş. Amma məhkəmədə Şərif Quliyevdən qızının xəstə olub-olmadığını soruşanda onun xəstə olmadığını deyib. Elə Şəbnəm özü də məhkəmədə ifadəsində isə bu suala cavab olaraq, bacısının xəstə olmadığını bildirib.

İttihama görə, Tovuz rayonunun Dindar Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itin düşüb. 2020-ci il yanvarın 6-da onun yanmış meyiti kənd ərazisində aşkar edilib.

Qətldə şübhəli bilinən kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılıb. O Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, İlkin Süleymanov, sinif yoldaşı Şərif Quliyevin qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR