Səlim Müslümovun məhkəmə istintaqının yekunlaşması

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Anar Bayramov bildirib ki, nazirliyin aparatında Daxili Nəzarət Şöbəsində məsləhətçi işləyib.

"İdarələrdə araşdırma aparılırdı, nöqsanlar aşkar olunan kimi arayış hazırlanıb rəhbərliyə təqdim edirdik. Yoxlanmalı olan obyektlər iş planına uyğun müəyyən olunurdu. Yoxlamalara rəhbərlik hər dəfə ayrı-ayrı şəxslər təyin edilirdi. Yoxlama qruplarına Daxili Nəzarət Şöbəsinin əməkdaşlarından kimsə rəhbər təyin olunurdu. Biz arayışı təqdim edirdik rəhbərliyə, nə qərar qəbul olunurdu, ondan mənim xəbərim olmurdu. Kimin kimdən pul alması barədə məlumatım olmayıb", - şahid deyib.

Prosesdə Səlim Müslümova ifadə vermək təklif olunub. S.Müslümov bildirib ki, ibtidai istintaqa ifadə verib və həmin ifadəsini təsdiqləyir.

Hakim deyib ki, S.Müslümovun cinayət işi ilə bağlı 324 şahid var və onların böyük əksəriyyəti dindirilib. Dindirilən şahidlər də təxminən eyni epizodlar üzrə oxşar məzmunlu ifadə veriblər. Ona görə də məhkəmə istintaqının yekunlaşması barədə müzakirə aparmaq olar.

Hakim qeyd edib ki, mənimsəmə epizodu üzrə ayrılmış cinayət işinin istintaqı zamanı 1 milyon 500 min manat ziyan dövlət büdcəsinə ödənilib. Bundan başqa, 98 obyekt üzrə 634 min manat ziyanın da ödənilməsi təmin olunub.

Hakim, həmçinin, deyib ki, ən çox "Göy qurşağı" MTK tərəfindən mənimsəmə faktı müəyyən olunub. Bu rəqəm 1 milyon 577 min manatdır, həmin ziyanın da ödənilməsi təmin olunub.

Səlim Müslümovun vəkili Ayxan Rüstəmzadə deyib ki, cinayət işi üzrə dindirilən şahidlərin 70 faizi dindirilib və bununla da şahidlərin dindirilməsi ilə kifayətlənmək olar.

Prokuror isə bu məsələyə növbəti prosesdə münasibət bildirəcəyini açıqlayıb.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR