Gələn ilin əvvəlindən müxtəlif peşə və vəzifələrdə çalışan vətəndaşlar 5 il tez pensiyaya çıxa biləcəklər.

Metbuat.az xəbər verir ki, bu məqsədlə erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısı genişləndirilib.

Nazirlər Kabinetinin yeni qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na əlavələr edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti sektorunun müdiri Aynurə Zamanovanın sözlərinə görə, siyahıya yeni 59 vəzifə və peşə əlavə edilib ki, həmin sahələrdə çalışan şəxslərə 5 il erkən pensiyaya çıxmaq hüququ verilib.

Qeyd edək ki, bu ilin iyun ayında da "Əmək pensiyaları haqqında" qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni yanaşmalar tətbiq edilib.