Paşinyan Türkiyə ilə hava daşımalarından danışdı:

"Türkiyənin Ermənistana hava yüklərinə qoyulan qadağanı aradan qaldırmaq qərarı İrəvanla Ankara arasında ikitərəfli danışıqlara təkan verə bilər".

Metbuat.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu açıqlamanı Ermənistanın baş naziri Nikol Paşinyan edib. Ermənistanın baş naziri Ankaranın bu addımını alqışlayaraq qeyd edib ki, təkcə danışıqları davam etdirmək deyil, həm də Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinə təkan verməyə imkan verəcək konkret addımların atılması çox vacibdir.

Baş nazirin sözlərinə görə, ümid etmək olar ki, danışıqlar nəticəsində Ermənistanla Türkiyə arasında quru sərhədi üçüncü ölkələrin vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün açılacaq.

Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır. 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. Ermənistan tərəfdən isə parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaranı ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil edir. Diplomatlar artıq dörd raund danışıqlar keçiriblər, birinci görüş Moskvada, digər üç görüş isə Vyanada keçirilib. Bundan əlavə, 2022-ci ilin iyulunda Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında ilk telefon danışığı olub, oktyabrda isə onların ilk görüşü Praqada olub.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR