Bakı, 2 iyun, AZƏRTAC
Bank VTB (Azərbaycan)ın baş ofisində keçirilən bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağında “Bank VTB (Azərbaycan) ASC-nin kommersiya maraqlarının açıqlanması Qaydaları”nın yeni redaksiyası təsdiqlənib.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yığıncaqda səhmdarlar bankın 2014-cü ilə olan maliyyə hesabatını, eləcə də ötən il üzrə mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi haqqında təklifləri müzakirə ediblər.
“Bank VTB (Azərbaycan) bütün əsas göstəricilər üzrə yüksək dinamika nümayiş etdirib. Ötən ilin yekunlarına görə, biz ölkədə sürətlə böyüyən banklardan biri olmuşuq. Belə ki, il ərzində 8 filial açmışıq ki, bununla da satış məntəqələrimizin sayı 15-ə çatıb. Bundan sonra da ölkədə və xaricdə biznesin inkişafı istiqamətində fəaliyyətimizi davam etdirmək niyyətindəyik”, - deyə Bank VTB (Azərbaycan)ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.