Bakı, 2 iyun, AZƏRTAC
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səhiyyə Nazirliyinin məsul şəxsləri Respublika Talassemiya Mərkəzində müalicə alan uşaqlara baş çəkiblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı valideynlərdən uşaqların tələbatları öyrənilib, həmçinin uşaqlara hədiyyələr təqdim edilib.
Valideynlər bildiriblər ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş bu şəfa ocağı talassemiyadan əziyyət çəkənlərin və onların yaxınlarının ümid yeridir.
Qeyd edək ki, beynəlxalq standartlara tam cavab verən Respublika Talassemiya Mərkəzinin laboratoriyasında qan qrupunu avtomatik təyin edən müasir aparat və digər zəruri avadanlıqlar quraşdırılıb. Burada donorlardan götürülən qan dərhal müayinə olunur. Mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da uğurla yerinə yetirilir.