Bakı apteklərində İbuprofen tərkibli dərmanlar niyə yoxa çıxıb? -

Bir aydan çoxdur ki, apteklərdə bəzi dərman vasitələrinin xüsusilə də uşaqlar üçün nəzərdə tutulan qızdırma salan preparatların qıtlığı yaşanır. Hazırda respirator virus infeksiyalarının kəskin yayıldığı bir şəraitdə belə problemlərin yaşanması ciddi narahatlıq yaradıb. Xüsusən də azyaşlı körpələri olan valideynlər sirop formasında olan qızdırma salan dərman vasitələrinin tapılmadığından şikayətlənirlər.

Metbuat.az yaranmış bu çətinliklər fonunda kiçik araşdırma aparıb.

Öncə paytaxtın müxtəlif apteklərində keçirdiyimiz sorğudan da məlum oldu ki, tərkibində İbuprofen olan “İbupfen -D”, “Paracetamol” adda dərman vasitəsi satışda yoxdur.

Bakı şəhərinin Yasamal rayonunda yerləşən “Kanon”, “Fatimə” aptekindən bildirdilər ki, İbuprofen tərkibli olan “İbufen –D”, “Nurafen” dərmanlarının istehsal müddəti bitdiyi üçün piştaxtalardan yığışdırılıb.

Alıcı kimi Sumqayıt şəhərində yerləşən bir neçə aptekdə apardığımız araşdırmanın da nəticəsi ürək açan olmadı. Əczaçılar “İbufen –D”,“Nurafen”, “Panadol”, adlı dərmanların istifadə müddətlərinin bitdiyini amma başqa adda eyni tərkibdə dərman təklif edəcəklərini bildirdilər.

Paytaxtın bir çox dərman “depo”larına etdiyimiz müraciətdən də bəlli oldu ki, artıq uzun müddətdir adı çəkilən dərmanların qıtlığı yaranıb.

Səhiyyə Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Elvin Hacıyev Metbuat.az-a açıqlamasında bildirdi ki, ölkəyə dərman gətirilməsi ilə özəl şirkətlər məşğul olur. Ona görə də vəziyyətlə bağlı sualı yalnız həmin şirkətlər cavablandıra bilərlər.

Yaranmış çətinliklə əlaqədar Azərbaycana xaricdən dərman gətirən şirkətlərdən biri olan “Zeytun Pharmaceuticals” a vətəndaş qismində zəng edib məlumat almaq istədik. Şirkətdən bildirdilər ki, metro daxilində yerləşən apteklərdən adı hallanan dərmanları tapmaq mümkün ola bilər.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Metbuat.az-a qeyd edilən dərman vasitələrinin respublikamıza son idxal tarixini və miqdarını təqdim etdilər.

Parasetamol – son olaraq 25.01.2023 (9380 qutu) və 27.01.2023 (48000 qutu)

İbuprofen – son olaraq 25.11.2022 (59000 qutu) və 23.12.2022 (4944 qutu)

Əlavə olaraq bildirdilər ki, ölkəyə Parasetamolun əvəzediciləri də idxal edilib.

Paraferin kapsul (03.10.2022 ci ildə 96 919 qutu və 19.01.2023-cü ildə 47 818 qutu idxal edilib),Paraferin suspenziya (06.12.2022-ci ildə 29 960 qutu və 10.01.2023-cü ildə 30 000 qutu idxal edilib), Panadol baby suspenziya (28.12.2022-ci ildə 3960 qutu, 12.01.2023-cü ildə 180 qutu və 18.01.2023-cü ildə 3960 qutu idxal edilib), Panadol 500 mg tablet (28.12.2022-ci ildə 10 080 qutu və 18.01.2023-cü ildə 3888 qutu idxal edilib).

Eyni ilə İbuprofenin də əvəzediciləri idxal edilib.

İbufen suspenziya (25.01.2023-cü ildə15 364 qutu idxal edilib), Nurofen suspenziya (21.12.2022-ci ildə 26 976 qutu, 18.01.2023-cü ildə 27 024 qutu və 19.01.2023-cü ildə 29 004 qutu idxal edilib), Nurofen forte 400 mg tablet (21.12.2022-ci ildə 14 440 qutu, 18.01.2023-cü ildə 11 081 qutu və 19.01.2023-cü ildə 15 408 qutu idxal edilib), Nurofen express 200 mg kapsul (25.11.2022-ci ildə 2016 və 18.01.2023-cü ildə 3096), Nurofen 200 mg tablet (18.01.2023-cü ildə 12 960 qutu idxal edilib), Gofen 400 mg kapsul (05.12.2022-ci il 696 qutu və 12.01.2023-cü ildə 2400 qutu idxal edilib), Siafen suspenziya (30.11.2022-ci ildə 5740 qutu və 21.12.2022-ci ildə 4840 qutu) idxal edilib.

Hazırda dünyada gedən siyasi proseslər fonunda xüsusən də Rusiya-Ukrayna müharibəsi səbəbindən təkcə Azərbaycanda deyil elə həmin ölkələrdə də dərman çatışmazlığı qıtlığı hiss olunur. Bu barədə sosial şəbəkələrin Rusiya və Ukrayna seqmentində də istifadəçilər şikayətlərini bildirirlər.

Son zamanlar Türkiyədən alınan bəzi dərmanların apteklərimizdə ən azı 3-5 dəfə baha qiymətə satıldığı ilə bağlı şikayətlər eşidirik. Ümumiyyətlə bu problemin həlli üçün hansısa addımlar atılırmı?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən sualımıza cavab olaraq bildirdilər ki, dünyada baş verən qlobal proseslər enerji daşıyıcılarının qiymətinin artmasına, logistika xərclərinin və xammalın qiymətinin qalxmasına səbəb olur. Eyni zamanda müharibə, logistik marşrutların dəyişməsi, istehsal xərclərini artırır və nəticədə qlobal təchizat zəncirində qırılmalar müşahidə olunur. Bu proseslər Azərbaycana da təsir edir. Mərkəzin açıqlamasına görə, bəzi DV-lərin qıtlığı təkcə bizim ölkədə yaşanmır. Avropa, Rusiya və Türkiyə bazarlarında da müəyyən dərmanların çatışmazlıqları var ki, bunu da səbəbi qeyd etdiyimiz qlobal proseslərdir. Belə bir vəziyyətdə Azərbaycan hökuməti də yarana biləcək risklərin minimallaşdırılması üçün tədbirlər görür.

Nazirlikdən onu da bildirirlər ki, Azərbaycan dərman vasitələrində idxaldan asılı ölkədir, istehsal sahələri yeni qurulmağa başlayır. Ölkə rəhbərliyinin, şəxsən cənab Prezident İlham Əliyevin tapşırığı ilə Pirallahı və Ələt Azad İqtisadi Zonasında bu istiqamətdə işlər aparılır, qısa müddətdə Azərbaycanın özünü bəzi dərman vasitələri ilə təmin edə bilməsi üçün zəruri addımlar atılır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə “Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya” yaradılıb. Komissiya tərəfindən hazırlanmış qanunvericilik təşəbbüsləri Hökumətə təqdim edilib. Razılaşdırılmış təkliflər hazırda yekunlaşma mərhələsindədir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR