​Yeni dəyişikliklər pensiya məbləğini nə qədər artıracaq?

Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Sosial sığorta haqqında” Qanununda yeni dəyişikliklər müzakirə edildi və plenar iclasa tövsiyyə olunub.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bauramov məlumat verib. O qeyd edib ki, bu dəyişiklik ilə bağlı medianın və eləcə də vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq qeyd etmək istərdik ki, dəyişiklik dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcək:

"İlk dəfə olaraq sözügedən qanunvericiliyə sərbəst vəsait və investisiya gəliri terminləri kimi yeni anlayışlar gətirilir. Həmin anlayışlar dövlət sosial müdafiə fondunun investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin sərmayəyə yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.

Dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək. Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu isə fonda imkan verəcək pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanıla biləcək".

Onun sözlərinə görə, bütövlükdə, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir: "Bu isə o deməkdir ki, sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Bu pensiya təminatının da güclənməsinə xidmət edəcək", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR