Pensiya alanlara xoş xəbər:

Əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılıb.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Bu Qanun 2023-cü il fevralın 1-dən tətbiq edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2023-cü il fevralın 1-dən 280 manata çatdırılıb.

Beləliklə, 1 fevral tarixinə məbləği 280 manatdan az olan pensiyaların məbləğləri həmin məbləğə çatdırılacaq.

"Eyni zamanda həmin tarixdən sonra pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği artıq 240 deyil, 280 manat təşkil edəcək. Son 5 ildə aparılan sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum pensiyanın 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılmasına nail olunub. Hazırda minimum pensiya məbləği 2023-cü il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (199 manat) 81 manat və ya 40,7 faiz üstələyir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2023-cü ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiya ilə yanaşı, əməkhaqqı, müavinət və təqaüdlərin də növbəti dəfə artırılması təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR