Azərbaycanda köhnə binalar zəlzələyə davamlıdır? -

"Köhnə binalar, əsasən, öz dövrünün tikinti normaları, o cümlədən, seymik normalarının tələbləri əsasında inşa edilib".

Metbuat.az xəbər verir ki, bu sözləri Baku.ws-in sorğusuna cavab olaraq FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin Rəisi Təyyar Hüseynli bildirib.

Onun sözlərinə görə, köhnə binaların zəlzələyə davamlılığı çox geniş mövzudur:

"Binalar konstruktiv sxemlərinə görə çox müxtəlifdir: daş, daş-karkas, iribloklu, iripanel, dəmir-beton və metal karkaslı və s. Bütün bu tip binaların özünəməxsus konstruktiv sxemləri, mökəmliyə və zəlzələyə qarşı hər birinin öz iş prinsipi vardır. Köhnə binalar, əsasən, öz dövrünün tikinti normaları, o cümlədən, seymik normalarının tələbləri əsasında inşa edilib".

Azərbaycanda binaların təhlükəsizliyi və zəlzələyə davamlı olub-olmaması ilə bağlı rəy verən qurum Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyidir.

Bakıda bina tikintisinə başlayan hər bir şirkət tikinti aparılacaq ərazidə mühəndis-geoloji axtarış işləri aparmalıdır. Yəni, o, bina tikmək istədiyi ərazinin süxurlarından nümunələr götürüb yoxlatmalıdır.

FHN-dən bildirirlər ki, Bakıda onların rəyi ilə tikilən bütün binalar Bakının seysmik quruluşuna uyğun təyin olunur. Yəni, 8-9 ballıq zəlzələyə davamlı ərazilərdə tikilir.

Türkiyədə baş vermiş zəlzələdən sonra bir həftədir ki, rəsmilər yerli mediada “ölkədə tikintinin keyfiyyəti yüksək səviyyədədir və baş verə biləcək zəlzələlərə davamlıdır” - deyərək şəhər sakinlərini Bakının təhlükəsizliyinə əmin etməyə çalışırlar.

FHN-dən onu da deyiblər ki, nə onların qurumu, nə tikilmiş binanı istismara qəbul edən əvvəlki qurumlar binaların, xüsusilə zəlzələyə davamlılğı məsələsinə göz yumub belə bir məsuliyyətsizliyin altına girməzdilər.

Mütəxəssislərin fikrincə, şəhərsalma qaydalarına zidd olaraq, yüksək mərtəbəli yaşayış binalarının yaxın məsafədə tikilməsi, zəlzələ baş verərsə, fəlakətə səbəb ola bilər. Onların fikrincə, hətta özülü möhkəm bina zəlzələyə davam gətirsə belə, yanındakı bina aşarsa, onda da fəsad yaradacaq, hətta bəlkə aşıracaq da.

Rəsmilər isə panikaya əsas olmadığını, Bakıda tikilən binaların tikinti normalarına uyğun inşa edildiyini bildirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR