Almaniya Azərbaycanın əhəmiyyətini qəbul edir -

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri martın 14-də başa çatdı. Səfər çərçivəsində dövlət başçısı Almaniya Prezidenti, kansleri, rəsmi şəxsləri, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə olduqca səmərəli görüşlər keçirib.

İki dövlət arasında münasibətləri dəyərləndirən millət vəkili Cavanşir Feyziyev Metbuat.az-a açıqlamasında bildirdi ki, səfər çərçivəsində aparılan müzakirələr münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu göstərir.

Cavanşir Feyziyev - Millət vəkili

“Bu görüşlərdə və daha sonra ölkə rəhbərləri səviyyəsində verilmiş açıqlamalardan aydın görünür ki, Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür və Azərbaycan hökuməti ilə müxtəlif səviyyələrdə və müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Hər bir Avropa dövləti kimi Almaniya da Asiya qitəsi ilə iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məhz Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə birbaşa bağlıdır. Bu bağlılığı şərtləndirən əsas səbəb isə Azərbaycanın bölgədəki geostrateji mövqeyi və regional layihələri ilə qarşılıqlı faydalı əməkdaşlığa verdiyi mühüm töhfələrdir”.

Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə bağlı Almaniya hökumətinin Azərbaycanın göstərmiş olduğu diqqəti yüksək dəyərləndirən millət vəkili qeyd etdi ki, xüsusən də rəsmi Berlin tərəfindən ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəklənməsi diqqətəlayiq haldır.

“Səfər çərçivəsində Prezident İlham Əliyevin otuza yaxın biznes təmsilçiləri ilə görüşləri baş tutdu. Bu görüşlərdə ölkəmizin biznes potensialı və xarici sərmayəçilər üçün yaradılmış əlverişli biznes mühiti haqqında ətraflı məlumat verildi. Bu görüşlərdə və mətbuat konfransında ölkə başçısı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ənənəvi və bərpa olunan enerji ixracatı sahəsində strateji tərəfdaşlıq və bu əməkdaşlığın inkişaf potensialları barədə açıqlama verdi. Səfər çərçivəsində keçirilmiş görüşlərin Almaniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük töhfə verəcəyi şübhəsizdir və əminəm ki, qarşıdakı illərdə biz bunun faydalı nəticələrini görəcəyik”.

Millət vəkili Vüqar İsgəndərov isə açıqlamasında vurğuladı ki, qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçən görüşlərdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Səfərin strateji dialoq xarakteri daşıdığını ifadə edən Vüqar İskəndərov əlavə etdi ki, Almaniya Azərbaycanın əhəmiyyətini qəbul edir.


Vüqar İsgəndərov - Millət vəkili

“Çünki Almaniya Prezidenti və Kanslerinin mövqeyində bu ölkənin Azərbaycanla əlaqələrini inkişaf etdirmək əzmi açıq şəkildə nümayiş etdirildi. Yəni, dövlətimizin başçısının səfərə dəvət edilməsi, aparılmış müzakirələr, o cümlədən görüşlər zamanı səsləndirilən fikirlər bunu aydın göstərdi. Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının inkişafı baxımından Prezident İlham Əliyevin bu dəfəki işgüzar səfərinin mühüm əhəmiyyəti var. Bu iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı xüsusi önəm kəsb edir”.

İki ölkə arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf etdiyini xatırladan Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirdi ki, işğaldan azad edilən ərazilərə alman investisiyalarının cəlbi, Almaniya və Azərbaycan arasında yeni əməkdaşlıq imkanları baxımdan da belə səfərlərin xüsusi önəmi var.

Tural İsmayılov - Politoloq

“1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Bundan əlavə, "Simens qardaşları" firması Daşkəsən ərazisində kobalt yataqları bazasında zavod inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin fəallığının artması nəticəsində ətraf ərazilərdə, Göygöl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb. Ümumiyyətlə, Qoşulmama Hərəkatının Bakıdakı Zirvə görüşü və Qlobal Bakı Forumun ardından Almaniyaya Azərbaycan Prezidentinin səfəri yeni imkanlar yaradır ”.

Politoloq Turan Rzayev Metbuat.az-a açıqlamasında dedi ki, Almaniyanın Cənubi Qafqazda artan maraqları həm də bu ölkənin Avropa İttifaqı daxilində Fransa ilə pərdəarxası liderlik mübarizəsindən irəli gəlir.

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir"

Turan Rzayev - Politoloq

“Parisin özünü Avropa İttifaqının lider ölkəsi kimi aparması Berlini narazı salır. Məsələ ondadır ki, Almaniya hazırda Avropa İttifaqının əsas iqtisadi yükünü daşıyan lokomotiv rolunu oynayan ölkəsidir. Bu reallıqlar fonunda Berlin Parisin özünü Avropanın lider ölkəsi kimi təqdim etməsi ilə barışa bilməz. Fransanın Ermənistan-Azərbaycan münaqişəsində sərgilədiyi destruktiv mövqedən fərqli olaraq tərəflər ilə ayrı-ayrılıqda görüşməsi balans yaratmaq kimi qiymətləndirilə bilər”.

Turan Rzayev hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Rusiyadan enerji asılılığına son vermək istəməsi alternativ ölkələrə marağı artırıb. Avropa ölkələrinə ən təhlükəsiz və ucuz enerji nəql edən ölkənin hazırda Azərbaycan olduğunu ifadə edən politoloqun təhlilinə görə, Azərbaycan Rusiya qədər Avropaya enerji nəql edə bilməsə də mövcud TANAP və TAP layihələrinin ötürücülük qabiliyyətini artırmaq üçün əlavə investisiyaya ehtiyacı var. Bu investisiya isə alman isvestorlar tərfindən təmin edilə bilər.

“Azərbaycan mövcud neft və qaz rezervləri Avropa İttifaqı ölkələrinin ümumi tələbatını ödəyəcək qədər deyil. Buna görə də yeni geoloji araşdırmalara yeni neft və qaz yataqlarının kəşfinə ehtiyac var. Bu istiqamətdə də alman ekspertləri və geoloqları ilə əməkdaşlıq zəruridir. Rəsmi Bakı hazırda yaşıl enerji istiqamətində ixtisaslaşmış ölkə olmaqda qərarlıdır. Bu istiqamətdə artıq bir sıra Avropa ölkələri ilə də sazişlər imzalanıb. Azərbaycanın bu sahədə potensialı kifayət qədər böyükdür və bu məsələdə də Almaniya ilə əməkdaşlıq müsbət nəticələr verə bilər”.

GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR