“Qərb ölkələri Gürcüstanı Rusiyaya qarşı müharibəyə başlamaq üçün əlverişli vaxt olduğuna inandırmağa çalışır”.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib. O, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüş zamanı bildirib ki, Qərb Gürcüstandan ikinci cəbhənin açılmasına çalışır. Qərb Gürcüstanı inandırmağa çalışır ki, Abxaziya və Cənubi Osetiyanı nəzarətə almaq üçün əlverişli zamandır. “Biz Vaşinqtonun, Brüsselin, Londonun Gürcüstan rəhbərliyini “ikinci cəbhə”nin açılmasının zəruriliyinə inandırmaq üçün israr etdiyini görürük”, - Narışkin deyib.
Qeyd edək ki, oxşar məsələ bir müddət əvvəl də gündəmə gəlmişdi. Mütəxəssislər hesab edir ki, əvvəllər Gürcütandan “ikinci cəbhə”nin açılması effekt verməyə bilərdi. Çünki o vaxt Rusiyanın qüvvəsi geniş idi. İndi isə Rusiyanın arsenalı tükənmək üzrə olduğu üçün Gürcüstandan açılacaq “ikinci cəbhə” Moskvanı daha da çətin vəziyyətə sala bilər. Mütəxəssislər hesab edir ki, “ikinci cəbhə”nin açılması region üçün daha böyük təhlükələr ortaya çıxara bilər.