Avropa İttifaqı (Aİ) hibrid hücumlara qarşı təhlükəsizliyi gücləndirmək məqsədilə rusiyalı turistlərə viza verilməsi qaydalarını sərtləşdirməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, “Politico” nəşrinin Aİ rəsmilərinə istinadən yaydığı məlumata görə, Avropa Komissiyası bu barədə təklifi 2027-ci ilin əvvəlində təqdim etməyi nəzərdə tutur.

Aİ-nin daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner bildirib ki, əvvəlcə Aİ-yə səyahət vizası alan Rusiya vətəndaşlarının sayında azalma müşahidə olunsa da, sonradan bu tendensiya davam etməyib.

O, üzv ölkələri Rusiya vətəndaşlarına daha az viza verməyə çağırıb və bu istiqamətdə müzakirələrin davam etdiyini qeyd edib.

Brunner gələn ilin əvvəlində viza məhdudiyyətləri ilə bağlı təklifin təqdim olunacağını bildirərək, “Bu turistlərin əslində kim olduğunu heç vaxt bilmirsiniz”, - deyə vurğulayıb.

Bununla yanaşı, bir sıra Aİ ölkələrinin Lüksemburqda keçiriləcək xarici işlər nazirlərinin görüşündə Rusiya diplomatlarına qarşı məhdudiyyətlərin artırılması məsələsini də gündəmə gətirəcəyi gözlənilir.

Polşa, İsveç və Estoniyanın da daxil olduğu bir qrup ölkə Ukraynadakı müharibədə iştirak etmiş keçmiş hərbçilər də daxil olmaqla, Rusiya vətəndaşlarına viza verilməsi qaydalarının sərtləşdirilməsini tələb edir.

Qeyd edək ki, ötən il Rusiya vətəndaşlarına Şengen zonasına səfər üçün təxminən 478 min turist vizası verilib. 2022-ci ildən əvvəl isə bu göstərici ildə təxminən 4 milyon təşkil edirdi. Həmin ildən sonra Aİ ölkələrinə viza verilməsini məhdudlaşdırmaq barədə göstərişlərin ardınca bu rəqəm təxminən 500 minə enib.