Bakı, 3 iyun, AZƏRTAC
Dayanıqlı iqtisadiyyata malik Azərbaycanın mövqeyi beynəlxalq arenada getdikcə güclənir və bu baxımdan Böyük Britaniya şirkətləri Azərbaycana sərmayə yatırmaqda maraqlıdırlar.
Bu sözləri Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Londonun nümayəndə heyəti ilə keçirilən görüşdə şəhərin Lord meri Alderman Alan Yarroun deyib.
QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Sədr Böyük Britaniya ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən enerji, qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq əlaqələrinin mövcudluğundan və bu əlaqələrin böyük perspektivlər vəd etdiyindən söhbət açıb. R.Aslanlı Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi strategiyanın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə xarici investorlar üçün əlverişli şəraitin yaradıldığını, həmçinin bu siyasətin nəticəsi olaraq qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilərək beynəlxalq bazarlara inteqrasiyasının təmin edildiyini qeyd edib. Komitə sədri iki ölkə arasında maliyyə bazarları sahəsində işgüzar təmasların, həmçinin ticarət və sərmayə əlaqələrinin genişləndirilməsinin qarşılıqlı əməkdaşlığa töhfə verdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Londonun Lord meri Azərbaycanın kapital bazarında aparılan islahatların bu sahənin gələcəkdə yüksək perspektivli inkişafına zəmin yaradacağına əminliyini ifadə edərək, iki ölkənin fond bazarlarının inteqrasiyasının vacibliyini vurğulayıb.
Görüşdə maliyyə bazarlarındakı vəziyyət, investisiya resursları bazarı, korporativ sahədə dialoqun inkişaf etdirilməsi, eləcə də qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.