“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Heydər Əliyev Fondunun təşəbbüsü ilə iyunun 18-25-də “Muğam aləmi” (“Space of Mugam”) 6-cı Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Metbuat.az xəbər verir ki, festival Bakı və Şuşa şəhərlərində təşkil olunacaq.

Festivalda ifaçıların qeydiyyatı mayın 1-dən 20-dək aparılacaq. Azərbaycanı bu festivalda aprelin 24-27-də keçirilən Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa kateqoriyası üzrə birinci yerin mükafatçıları Mirəli Sarızadə və Vaqif Təhməzov təmsil edəcək.

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının açılışı iyunun 18-də Heydər Əliyev Sarayında olacaq. İyunun 25-dək davam edəcək festival çərçivəsində Bakının müxtəlif mədəniyyət ocaqlarında, həmçinin iyunun 23-də Şuşanın tarixi məkanlarında müxtəlif tədbirlər - müsabiqə, mühazirə və təqdimatlar, konsertlər, sərgi və simpoziumlar təşkil ediləcək. Festivalın son günü 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən canlı muğam marafonu olacaq.

“Muğam aləmi”nin 1, 2 və 3-cü yerlər üzrə qaliblərini və Qran-Pri mükafatçısını isə beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. İyunun 25-də qaliblərin mükafatlandırılması və konsert keçiriləcək.

Festival günlərində Bakıda keçiriləcək konsertlərə biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək mümkün olacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən beynəlxalq muğam festivalları təşkil olunur. Layihə muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı