Yeni araşdırma evliliyin kişilər üzərində maraqlı təsirlərini ortaya çıxarıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, evli kişilərin subay kişilərə nisbətən kökəlmə riskinin üç dəfə yüksək olduğu aşkar edilsə də, evli qadınlarda eyni şey müşahidə edilməyib.
Yeni bir araşdırmaya görə, evlilik kişilərdə piylənmə riskini üç dəfə artırır, lakin qadınlara təsir etmir. Bu, Polşanın paytaxtı Varşavada Milli Kardiologiya İnstitutunun alimləri tərəfindən aparılan araşdırmada irəli sürülüb.
Alimlər orta yaşı 50 olan 2405 nəfərin tibbi və ümumi sağlamlıq məlumatlarını araşdırıblar. Onlar artan bədən çəkisi ilə yaş, ailə vəziyyəti, psixi sağlamlıq və digər amillər arasında əlaqəni müəyyən etmək üçün statistik təhlildən istifadə ediblər. Tədqiqat bu il İspaniyanın Malaga şəhərində keçirilən Avropa Obezite Konqresində təqdim olunub.
Tədqiqat evli kişilərin subay kişilərdən 3,2 dəfə daha çox kök olduğunu ortaya qoyub. Ancaq evli qadınlarda piylənmə riskində artım müşahidə edilməyib.
"The Guardian" xəbər verir ki, bu araşdırmaya görə, kişilərin bədən kütləsi indeksi (BKİ) evləndikdən sonra ilk beş il ərzində daha çox kalori qəbulu və daha az məşq kimi amillərə görə yüksəlir. Belə ki, fərqli coğrafiyalarda aparılan tədqiqatların oxşar nəticələr verməsi ilə diqqət çəkib.
Məlumatda o da qeyd edilib ki, qlobal piylənmə nisbətləri 1990-cı ildən bəri iki dəfədən çox artıb, 2,5 milyarddan çox böyük və uşaqlar artıq çəki və ya piylənmədən əziyyət çəkir. Dünyada 2050-ci ilə qədər böyüklərin yarısından çoxunun və uşaqların üçdə birinin artıq çəki və ya piylənmədə əziyyət çəkəcəyi proqnozlaşdırılır. Bu onu göstərir ki, piylənmə qlobal sağlamlıq problemidir və təcili tədbirlər görülməlidir.