"Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı kağız üzərində qalıb" - Ekspert

"Sistem xarakterli işlər görülməlidir. Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı kağız üzərində qalmaqdadır".

Metbuat.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov son günlər və son aylar ölkə yollarında qəzaların artması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qəzaların sayı artıqda ölən və yaralananların sayı da artır:

"Bəzi insanlar sadəlövhcəsinə düşünürlər ki, sadəcə sürücü, piyada və digər hərəkət iştirakçılarının maarifləndirilməsi, təbliğat və təşviqat yolu ilə bunun qarşısı alına bilər. Təəssüf ki, belə deyil… Sistem xarakterli işlər görülməlidir. Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı kağız üzərində qalmaqdadır. Proqramda əsas istiqamətlər var: sürücü hazırlığı və sürücülük vəsiqəsi alma işini təkmilləşdirmək; avtomobillərin texniki vəziyyətini yaxşılaşdırmaq; yol infrastrukturunu, hərəkətin təşkilini təkmilləşdirmək, ictimai nəqliyyatı inkişaf etdirmək və s".

O bildirib ki, qəzaların hansı səbəbdən baş verməsi araşdırılmalıdır:

"Sistem xarakterli işlər elmi tədqiqat səviyyəsində təhlillər istəyir. Ötən şənbə və bazar günləri ölkə yollarındakı qəzalarda 16 ölüm qeydə alındı. Bu vəziyyətin (sadəcə ayrıca hadisələrin yox) səbəbləri araşdırılmlıdır. Araşdırma parametrləri çoxdur. Məsələn, hansı avtomobillər qəzaya düşdü və onların texniki vəziyyəti necə idi? Minik avtomobilləri ilə orta günlük yürüş məsafəsi nə dərəcədə artdı? İctimai nəqliyyatda hansı dəyişikliklər oldu? Qəza iştirakçıları hansı sürücülərdir, onların peşəkarlığı nə səviyyədədir? Qəzalar hansı yollarda baş verdi, bu yolların hansı özəlliyi var və s. Belə elementar araşdırmalar və onların nəticələrinə uyğun real tədbirlər olmasa, heç nə dəyişə bilməz. Təbliğat və təşviqata da böyük ehtiyac var. Hətta onun da mahiyyətini və hədəflərini yeniləmək lazımdır. Əsas hədəf cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətini formalaşdırmaq olmalıdır. Başlıca hədəflərdən biri ictimai nəqliyyatın inkişafı olmalıdır. Bərbad ictimai nəqliyyat olan yerdə yol hərəkəti təhlükəsizliyi olmur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı