Türkiyənin Qafqaz (Qars) Universiteti rəsmiləri LDU-da - FOTOLAR

Türkiyənin Qafqaz (Qars) Universitetinin rektoru, prof.dr. Hüsnü Kapu başda olmaqla bu ali təhsil ocağının rəsmiləri Lənkəran Dövlət Universitetində (LDU) olub.

Metbuat.az xəbər verir ki, qonaqları LDU-nun rektoru, prof. Natiq İbrahimov qəbul edib. Çay süfrəsi arxasında keçirilən işgüzar görüş zamanı Natiq İbrahimov qonaqlara LDU-nun təhsil həyatı barədə ətraflı məlumat verib, son illərdə universitetin maddi-texniki bazasının yenilənməsi, yeni tədris korpuslarının tikintisi, mütəxəssis hazırlığının keyfiyyətcə yüksəldilməsi istiqamətində görülən işlərdən, perspektiv planlardan danışıb. Söhbət zamanı hər iki universitet arasında ikili diplom məsələsi, tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə və əməkdaşlıq məsələlərinin digər aspektləri ətraflı müzakirə edilib, xatirə hədiyyələri təqdim edilib. Qeyd edək ki, görüşdə Qafqaz (Qars) Universitetinin rektor yardımçısı, prof.dr. Engin Kılıç, Beynəlxalq əlaqələr departamentinin direktoru, prof.dr. Hacəli Nəcəfoğlu iştirak ediblər.

İşgüzar söhbətdən sonra LDU-nun rektoru, prof. Natiq İbrahimov hörmətli qonaqları universitetlə əyani tanış edib. Tələbə rəssamların rəngkarlıq əsərlərindən ibarət sərgi qonaqlarda xoş təəssürat yaradıb. Türkiyəli qonaqlar universitetin hər 3 tədris korpusunda gəzərək dərslərin gedişini əyani izləyiblər, həmçinin tələbə və müəllimlərlə fikir mübadiləsi ediblər. Prof. Natiq İbrahimov türkiyəli qonaqları universitetin yardımçı təsərrüfatı və turizm tədris bazası ilə də yaxından tanış edib.

Lənkəran Dövlət Universitetinin Böyük akt zalında keçirilən tədbirdə Türkiyənin Qafqaz (Qars) Universitetinin rəsmiləri, LDU-nun tələbə, professor-müəllim heyəti iştirak edib. Tədbiri LDU-nun rektoru, prof.Natiq İbrahimov açıb və hər iki universitet arasında inkişaf etməkdə olan əlaqələrdən, bu istiqamətdə əldə edilən ilk fərəhli nəticələrdən, gələcək perspektivlərindən danışıb. Bildirib ki, universitetin nümayəndə heyəti ötən il 5-9 sentyabr tarixlərində Türkiyə Cümhuriyyəti Qafqaz (Qars) Universitetində işgüzar səfərdə olub və yüksək səviyyəli görüş keçirilib. İşgüzar görüş zamanı hər iki universitet arasında ikili diplom məsələsi, tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə və əməkdaşlıq məsələlərinin digər aspektləri ətraflı müzakirə edilib və Akademik Əməkdaşlıq Protokolu imzalanıb. Rektor xatırladıb ki, 2017-ci ildə hər iki universitet arasında imzalanan “Akademik Əməkdaşlıq Müqaviləsi”ndə universitetlər arası qarşılıqlı akademik əməkdaşlığın inkişaf etdirilməsi, baytarlıq sahəsində əlaqələrin genişləndirilməsi əksini tapıb.

Türkiyənin Qafqaz (Qars) Universitetinin rektoru, prof.dr. Hüsnü Kapu Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətini salamlayaraq LDU ilə bu günkü tanışlıqdan məmnunluğunu dilə gətirib, universitetin zəngin maddi-texniki bazaya malik olduğunu, universitetlər arasında yaranmış əlaqələrin hər iki təhsil ocağı üçün faydalı olacağını deyib.

Sonra LDU ilə Türkiyənin Qafqaz (Qars) Universiteti arasında Əməkdaşlıq bəyanatı imzalanıb. Bəyanata əsasən tərəflər arasında əməkdaşlıq bundan sonra daha geniş formatda davam etdiriləcək. Tədbirdə hər iki universitetin rektorları tələbələri maraqlandıran sualları cavablandırıblar. Lənkəran Dövlət Universitetinin fəaliyyətinin 30 ilində qazandığı uğurları əks etdirən video- rolik iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollec tələbələrinin ifasında maraqlı konsert proqramı ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR