​“Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasında amansız mübarizə: Priqojinə qarşı sui-qəsd...

Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini tənqid edib. O, silah-sursat çatışmazlığından şikayət edib. Priqojinin sözlərinə görə, “Vaqner” də 70 faiz silah-sursat çatışmazlığı var.

Siyasi şərhçi Kənan Novruzov Metbuat.az-a dedi ki, Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasında ziddiyətin olması məlum idi. Görünür, davam edən uğursuzluq fonunda tərəflər bir-birilərini günühlandırırlar. Ekspert hesab edir ki, hazırkı vəziyyət gərginliyi daha da artırır.

“Müdafiə Nazirliyi ilə “Vaqner” arasında fikir ayrılığının olması istisna deyil. Rusiya Silahlı Qüvvələrinin resursları getdikcə tükənir. Ukraynadan fərqli olaraq Rusiyanın tərəfdaşları çox azdır. Bunlar Çin və İrandır. Həmin dövlətlər isə Qərbin ehtimal edilən təzyiqlərinə görə ehtiyatla davranırlar. Bu mənada hazırkı vəziyyət təəccüblü deyil. Gərginliyin gələcəkdə daha da artacağı gözləniləndir”.

Kənan Novruzovun proqnozuna görə, ola bilsin ki, yaxın gələcəkdə “Vaqner”çilər işğal etdikləri ərazilərdən, o cümlədən Baxmutdan çıxmağa başlasınlar. Bu, Rusiya Müdafiə Nazirliyindən “əvəz çıxmaq üçün” atılmış addım ola bilər.

“Çünki məsələyə “Vaqner”in nöqteyi-nəzərindən yanaşsaq deyə bilərik ki, Rusiya Müdafiə Nazirliyi lazımi qədər silah-sursat təmin etməməklə Priqojini pis vəziyyətdə qoyur. Bu mənada “Vaqner” işğal olunmuş ərazilərdən geri çəkilməklə Rusiya müdafiə nazirini Sergey Şoyqunu və onun komandasını cəzalandırmağa çalışacaq. Və, çox güman ki, bu addım döyüş meydanındakı vəziyyətə təsir edəcək, Rusiya Silahlı Qüvvələrinin irəliləməsinin qarşısını alacaq. “Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasında münasibətlərin düzələcəyini düşünmürəm. Bunun üçün silah tədarükü ilə bağlı problem aradan qalxmalıdır. Bu isə hazırkı situasiyada inandırıcı görünmür. Çünki alternativ mənbələr yoxdur. “Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasındakı gərginliyin yaxın gələcəkdə daha ciddi nəticələrə səbəb olacağı, o cümlədən Priqojinə qarşı təzyiqlərin, hətta sui-qəsd cəhdinin olması mümkündür”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı