Zəngilan və Laçında 7 SES tikilir

Hazırda “Azərenerji” ASC Zəngilan və Laçın rayonlarında 7 müxtəlif yerdə ümumi gücü 70,5 meqavat olan su elektrik stansiyası (SES) tikir.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.

Onun sözlərinə görə, tikinti işləri alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması və işğaldan azad edilən ərazilərin yaşı enerji zonasına çevrilməsi konsepsiyasına uyğun olaraq aparılır.

“Mayın 4-də Prezident İlham Əliyev “Sarıqışlaq” stansiyasında olaraq həm burada, həm də digər 6 yerdə tikilən SES-lərin tikintisi ilə tanış olub. Oxçu çayı üzərində yerləşən və Zəngilan rayonunun ərazisində yaradılan "Sayıflı", “Sarıqışlaq”, “Zəngilan”, və “Cahangirbəyli” adlanacaq SES-lər yeni tikilir və bu 4 yerdə inşa edilən stansiyanın hər birinin gücü 10,5 meqavat olmaqla ümumilikdə 42 meqavat təşkil edəcək. Laçın rayonundakı 14.25 meqavat gücüdə “Ağbulaq”, 8.25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” stansiyaları isə tam yenidən qurulur. Zəngilan və Laçında 7 yerdə tikilən SES-in hər biri üçün ayrı-ayrılıqda su qəbuledici tikilir. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək bu 7 stansiyanın hər biri rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olmaqla yanaşı, stansiyaya Bakıdan və digər yerlərdən nəzarət etmək əlçatan olacaq. 7 yerdə tikilən su elektrik stansiyasında il ərzində ümumilikdə 230 milyon kilovat saat ekoloji cəhətdən təmiz yaşıl hidro enerjinin istehsal olunması nəzərdə tutulub", - deyə o qeyd edib.

"Laçın və Kəlbəcərdə daha 9 yerdə SES-in tikintisinə başlanılması barədə təqdimata uyğun olaraq ümumi gücü 76,8 meqavat olan SES-lərin tikintisinə başlanılır. Belə ki, Laçın rayonu ərazisində “Mirik”, “Qaraqışlaq”, “Ağbulaq”, “Zabux” və Kəlbəcərdəki “Zar” su elektrik stansiyaları tam yenidən qurulacaq. Eyni zamanda Kəlbəcər rayonu ərazisində “Nadirxanlı”, “Yuxarı Vəng”, “Aşağı Vəng” və Murovdağın aşağı istiqamətindəki “Toğanalı” kiçik SES yeni layihə əsasında tikiləcək. Ötən iln payızından artıq 9 yerdə tikiləcək bu stansiyaların avadanlıqları sifariş verilib və hazırda mobilizasiya işləri həyata keçirilir", - deyə T.Abdullayev əlavə edib.

Bu günə qədər "Azərenerji" 11 yerdə ümumi gücü 53,6 meqavat olan kiçik SES-ləri yenidən qurub ki, onlardan da ümumi gücü 27 meqavat olan 5 stansiya hazırda Kəlbəcər rayonunda açılışa hazır vəziyyətə gətirilib. Beləliklə, Böyük Zəfərdən sonra işğaldan azad edilən ərazilərdə tikilən su elektrik stansiyalarının ümumi sayı 25-ə çatdırılacaq və 200 meqavata yaxın ekoloji cəhətdən təmiz, hidro yaşıl enerji istehsal etmək mümkün olacaq. İstehsal olunan enerji isə işğaldan azad edilən əraziləri işıqlandırmaqla yanaşı, Azərbaycanın ümumi enerji sisteminə ötürüləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı