Heydər Əliyev məşhurları Prezident iqamətgahına niyə çağırşmışdı?

Bu gün görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Metbuat.az Modern.az saytına istinadən məlumat verir ki, elm, mədəniyyət və incəsənət adamlarına daim xüsusi diqqətlə yanaşır, qayğı və dəstək göstərirdi. Bu fotoda əks olunan məşhur simalar da həmin qəbildən olan insanlardı...

Zaman 7 mart 1999-cu il... Məkan Prezident iqamətgahı... Foto mərhum Prezident Heydər Əliyevin elm, mədəniyyət, incəsənət xadimlərinə, ictimai xadimlərə Azərbaycan dövlətinin yüksək mükafatlarının - ordenlərin təqdim edilməsi mərasimində lentə alınıb.

Şəkildəkilər - ön cərgə: soldan sağa – Tahirə Bünyadova (mərhum akademik Ziya Bünyadovun xanımı), Nikolay Baybakov (məşhur bakılı neftçi, Sovet dövlət xadimi), Tükəzban İsmayılova (mərhum Xalq artisti, müğənni), Heydər Əliyev (Azərbaycan Prezidenti), Leyla Bədirbəyli (mərhum Xalq artisti, teatr və kino aktrisası), Yaqub Mahmudov (sabiq deputat, tarixçi alim).

Arxa cərgə: soldan sağa – Məzahir Abasov (mərhum təyyarəçi, tarix elmləri doktoru, professor), Kamran Hüseynov (1968–1980-ci illərdə Azərbaycan Nazirlər Soveti sədrinin müavini – deputat Hicran Hüseynovanın atası), Abdulla Muxtarov (mərhum fizika-riyaziyyat elmləri doktoru, professor), Süleyman Ələsgərov (mərhum Xalq artisti, bəstəkar), Oqtay Sadıqzadə (mərhum xalq rəssamı)...

Həmin tədbirdə mərhum akademik Ziya Bünyadovun layiq görüldüyü "İstiqlal" ordeni alimin həyat yoldaşı Tahirə xanıma təqdim edilmişdi.

Bundan başqa, Leyla Bədirbəyliyə "İstiqlal" ordeni, qalanlara - Nikolay Baybakova, Kamran Hüseynova, Məzahir Abasova, Tükəzban İsmayılovaya, Abdulla Muxtarova, Yaqub Mahmudova, Süleyman Ələsgərova, Oqtay Sadıqzadəyə "Şöhrət" ordeni verilmişdi.

Yaqub Mahmudov həmin dövrü belə xatırlayır: “1999‐cu ildə 60 yaşım tamam olurdu. Doğum günümdən 3 gün sonra zəng gəldi ki, saat 20:00‐da “Xəbərlər”ə bax. Televizoru açdım, gördüm ki, fərman oxunur: “Elmin inkişafında, ölkənin ictimai‐siyasi həyatında fəal xidmətinə görə, Yaqub Mikayıl oğlu Mahmudov “Şöhrət” ordeni ilə təltif olunsun”. Araşdırdım, məlum oldu ki, Heydər Əliyev o zaman məsələni öyrənib, Prezident Aparatında mənim işimi kənara atan, mənə mane olan adamı çağırıb və tapşırıb ki, Yaqub Mahmudovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqda fərmanı yaz gətir. Bir daha əmin oldum ki, Vətən, xalq üçün çəkilən əmək batmır. Ulu öndər məni təltif edən zaman çıxış elədim. Məni sınmağa qoymadığına, basqı və təzyiqlərə rəğmən, qoruduğuna görə təxminən 18 səhifəlik “Vətəndaş etirafı”mı da yazıb göndərdim. Diktorlar onu oxuyub qurtarana kimi nəfəsləri qaralırdı” (Mənbə: Nazim Xəlilov, Elnur Nəciyev. Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov. Bakı: “Zərdabi‐Nəşr” MMC, 2022. - səh. 67).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı