“Günay Bank”da olan əmanətlər qaytarılacaqmı?

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank “Günay Bank” ASC-nin lisenziyasının ləğv olunması barədə qərar verib. Bankın bağlanması onun məcmu kapitalının həcminin azlığı ilə əlaqələndirilib.

Vəziyyəti şərh edən millət vəkili Vüqar Bayramov bildirib ki, mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq depozit sahiblərinə geri qaytarılacaq.

"Bank müflisləşən zaman depozitlərinin həcmi 108 milyon 566 min manat olub. Bu portfelin 38.5 milyon manatı sığortalanmış əmanətlərdir. Mərkəzi Bankın məlumatına görə, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bununla belə, bankda olan 70 milyon manata yaxın əmanət sığortalanmayıb. Əmanətçilər ilə depozit portfelinin həcminin müqayisəsi göstərir ki, sığortalanmamış əmanət az sayda vətəndaşlara məxsusdur. Yəni, bir sıra şəxslərin bu bankda milyonlarla ifadə olunan əmanətləri olub".

Millət vəkili qeyd etdi ki, hazırda fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanır. Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan divident faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir. Vüqar Bayramovun fikirlərinə görə, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə praktik olaraq bankın məsuliyyətindədir.

"Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivlərin üstələdiyi halda qaytarıla bilər. Bununla belə, qorunmayan əmanətlərin taleyi ilə bağlı Fond tərəfindən real addımların atılmasına ehtiyac var. Zəif bankların müflisləşməsi deyil, sağlamlaşdırılması daha prioritet olmalıdır",- deyə V.Bayramov bildirib.

Qeyd edək ki, Mərkəzi Bank açıqladığı press-relizdə qeyd edilir ki, kiçik bankın bağlanması bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı