Qızmar günəş altında kitab - FOTO

Uzun müddətdir, Naxçıvanda kitab sərgisi keçirmək arzusunda idim. Çünki “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyi (ANAİB) yaranandan, sərgilərə, tərdbirlərə başlayandan ellilərim, “Niyə Naxçıvana da gəlmirsiniz?” – sualını verirdilər. Səbəbini açıb-ağarda bilmirdim. Çünki keçmiş rəhbərliyə dəfələrlə müraciət ünvanlasaq da, heç bir cavab gəlmirdi. Hətta Naxçıvanda çalışan məmur dostlardan birinə ərkyana etirazımı bildirəndə o da mənə siyasi cavab verdi: “İnşallah, Zəngəzur yolu açılsın, o zaman kitab da gələr, insanlarımız da”. Beləcə, arzumuzu dağlayıb bir kənara qoymuşduq. Amma keçən il cənab Prezidentin Naxçıvanla bağlı atdığı ciddi addımlar, səlahiyyətli nümayəndənin göndərilməsi xeyli mətləbi aydınlaşdırdığı kimi kitabın da yolunu açdı və hərəkətə keçdik. İlk müraciətimiz alqışla qarşılandı, “Xoş gəlirsiniz” – deyildi. Hətta, “Bunun üçün bizə müraciətə də ehtiyac yoxdur, yerli təşkilatlarla əməkdaşlıq edib işinizi görün” – qeyd olundu.

Və budur, o möhtəşəm – bu il baş tutması çox vacib olan sərgini yekunlaşdırdıq. Axı bu kitab sərgisi Ümummilli liderin 100 illik yubileyinə həsr edilmişdi.

2015-ci ildən kitab tanıtmaq, sevdirmək adına onlarla sərginin təşkilatçısı olmuşam, amma Naxçıvan mənim üçün bir başqa idi. Digərlərini işim, vəzifəm hesab etsəm də, Naxçıvanı mənəvi borcum hesab edirdim. Öz elim, obam, yurdum idi. “Ora üçün də nəsə etməliyik, ora da xidmət göstərməliyik” – düşüncəsi heç zaman uzaq olmayıb məndən. Buna naxçıvanlı təəssübkeşliyi də deyə bilərsiniz. Niyə də yox...

Ulu öndərin ədəbiyyata, mədəniyyətə göstərdiyi xidməti, verdiyi dəyəri heç zaman unuda bilmərik. Bu, danılmaz faktdır. Dövründə özünün də iştirakı ilə keçirilən ədəbiyyat, mədəniyyət festivalları, ədiblərə verdiyi dəyər unudulmazdır.

Sərgi ümummilli liderin yubileyinə həsr edildi və şüarı böyük Hüseyn Cavidin, “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” – misraları oldu. Sərgi posterində ulu öndərin filosof-şair üçün ucaldılmasına göstəriş verdiyi məqbərə öz əksini tapdı. Elə açılışa da ulu öndərin abidəsi və Hüseyn Cavidin məzarını ziyarət etməklə başladıq.

Bakıdan yarısını ziyalılar, ədiblər və naşirlərin təşkil etdiyi 75 nəfərlik heyətlə yola düşdük. Elçin Şıxlı, Zahid Xəlil, Rüstəm Behrudi, Rəşad Məcid, Qulu Məhərrəmli, Varis Yolçuyev, Elxan Elatlı, Xəzər Süleymanlı, Orxan Şahbaz, Əhməd Qəşəmoğlu, Allahverdi Məmmədli, Rafiq İsmayılov, Tahir Tahiroviç, Arif Əliyev, Bəhruz Əzimov, Çingiz Özgür, Solmaz Amanova, Nurman Tariq, Səbuhi Şahmursoy, Cavid Qədir, Nizami Hüseynov, Seymur Tağıyev, Yusif İlhamoğlu, Mübariz Yunusov, Əsəd Süleymanov, Şöhlət İxtiyaroğlu, Samir Şamıyev, Rəşad İsmixanov, Əhliman Ərşadlı, Nicat Əliyev, İmanyar Quliyev kimi ziyalıların iştirak etdiyi möhtəşəm festival...

Bu sərgiyə ilk dəstək Hədəf Şirkətlər Qrupundan gəlsə də, ikinci əsas dəstək “Naxçıvan” Universitetindən gəldi. Geniş, işıqlı, gözəl mənzərəsi olan, böyük resurslara malik universitetin rektoru Anar Kazımov başda olmaqla, tələbə-müəllim kollektivi sərgini öz tədbirləri kimi qəbul edib əllərindən gələnin də artığını etdilər.

Naxçıvanda kitab?

İlk ağla gələn o idi ki, sərgiyə gələn olmayacaq. Gərək dövlət tərəfindən xüsusi tapşırıq verilib təhsilalanların sərgiyə gəlişi təşkil edilsin. Amma heç vaxt heç kimdən bunu istəmədiyimiz üçün bu dəfə də eyni siyasəti davam etdirdik. Sərgidə isə onlarla insan, “Böyük iş görmüsünüz, əvvəllər belə tədbirlərə məcburi gətirərdilər, indi isə hər kəs könüllü kitabın işığına gəlir” – dedi. Buna yerli ziyalılar da xeyli təəccüblənmişdilər.

Bəli, 25 nəşriyyatın iştirak etdiyi, 10.000-dən çox kitabın sərgiləndiyi, 30-a yaxın tədbirin baş tutduğu sərgi ürəkaçan oldu. Bizi qarşılayan da, yola salan da Naxçıvanın yaz yağışı oldu. Sanki buludlar da sevinc göz yaşlarını saxlaya bilmir, bir-iki saatdanbir kitablara səpələyirdi. Amma nə naşirlər, nə də oxucular ümidsizliyə qapıldı, üstəlik əsl fədakarlıq göstərdilər.

Bütün iştirakçılar sevinirdi, çünki bu, Naxçıvan tarixində ilk kitab sərgisi olmaqla yanaşı, həm də çox ciddi mədəni hadisə idi. Bu qədər ədibin, ziyalının iki gün ərzində sərgi meydanında olması, oxucularla, sosial şəbəkədən tanış olduqları insanlarla üzbəüz görüşüb ünsiyyət qurması bir başqa aləm idi. Ziyalılarla olan maraqlı söhbətlərdən bir neçə frazanı xatırladım:

Rüstəm Behrudi: “30 ildən sonra ilk dəfədir, aeroportdan birbaşa Ordubada yox, Naxçıvan şəhərinə gəlirəm”.

Rəşad Məcid: “Ömrümdə ilk dəfədir, bu qədər şəkil çəkdirirəm, bu qədər imza atıram, hətta Elxan Elatlının da kitablarını imzalayırdım”.

Varis: “19 ölkəni gəzəsən, “Atabəylər” filminin ssenaristlərindən olasan, Naxçıvana birinci dəfə gələsən”.

Elçin Şıxlı: “Naxçıvana bir də gəlməmək üçün heç bir səbəb yoxdur”.

Nurman Tariq: “Naxçıvanı və naxçıvanlıları heç vaxt belə qonaqpərvər və gözəl təsəvvür edə bilməzdim”.

Səbuhi Şahmursoy: “Bu sərgidə iştirak edənlər kitabla tanış olanlar, kitabdan xəbərdar olanlar idi”.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sərgidə iştirak edən ziyalılarla xüsusi görüş keçirdi. Hətta Bakıdan gələn qonaqların şərəfinə Naxçıvan Dram Teatrında oynanılan “Cibimizdəki dəli” tamaşasında ailəsi ilə birgə iştirak etdi.

Görüş zamanı o qədər maraqlı söhbətlər, müzakirələr, hətta ədəbi mübahisələr oldu ki, arada unudurdum, biz yüksək çinli məmurla görüşürük, yoxsa ədəbiyyat, mədəniyyət adamı ilə. Səmimi münasibət, dərin biliklər, əlbəttə, qonaqlarımız üçün də yaddaqalan oldu.

Arif Əliyevin “Yalama” filminin təqdimatında tələbələrin verdiyi suallar, müzakirədə aktiv iştirak, açığı, məni çox qürurlandırırdı. Nə yalan deyim, mən təəssübkeşəm, kəndimin, bölgəmin, ölkəmin, millətimin təəssübkeşiyəm, ona görə başımı uca edəcək anlar görəndə çox xoşbəxt oluram. Naxçıvan və naxçıvanlılar başımızı uca etdi. Hər bir dostum ağız dolusu xoş sözlərlə danışdı Naxçıvandan. Taksi sürücüsündən vəzifəli şəxsinədək hamı olduğu kimi göründü və sevildi.

Sərginin büdcəsini planlaşdıranda çətinliklərimiz çox oldu. Amma ANAİB olaraq bunu etməli idik. Haradan və necə olursa, dəstək tapıb bu kitab bayramını yaşamalı idik. Heyət böyükdü. Hamını yerləşdirmək üçün yer çətinliyi, biletlər və s. xərclər ciddi mənada sıxıntı yaradırdı. İlk günümüz gəzinti ilə başlamalı idi. Planı elə qurmuşdum ki, günorta yeməyini Əshabi-Kəhfdə yeyək. Amma necə? Ağlıma ilk gələn anam oldu. Düşündüm ki, biz ayaqüstü bir dürməklə yolumuza davam edə bilərik; həm vaxt itkimiz olmaz, həm də büdcəyə qənaət etmiş olarıq. Səhər biz ora çatanda anamın hazırladığı Nehrəm pendirli, tərxunlu və qırmızı pomidorlu dürməklər orada idi. Sadə kənd qadınının hazırladığı dürməklər o qədər ləzzətli idi ki, gələnə qədər hamı ondan danışdı. Hətta bəzi dostlar o pomidordan tapıb aldılar. Elə mən də. Hətta məhz o dürməyə görə harada şəkil çəkdirsək, ziyalı dostlar məni tam mərkəzə salırdılar. Bu işin də aparıcı şəxsi ordubadlı dostum Çingiz Özgür idi.

Qızmar günəşin, qırmızı dağların, yerlərə yaxın göylərin, dadlı-duzlu torpağın, öz genetik türk kökünü dəyişməyən Naxçıvan insanının sevgisi və alqışı ilə bir sərgini də beləcə yekunlaşdırdıq. “Təbriz” hotelinin düz qarşısında isə hamının “Amin” sədaları ilə, “Tanrı bizə belə bir sərgini Təbrizdə keçirməyi də nəsib etsin” – dedik və üzümüzü paytaxt Bakıya tutduq!

Şəmil Sadiq
ANAİB idarə heyətinin sədri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı