Üçtərəfli görüş başa çatdı: Nazirlərin görüşü Ermənistanı ortaq baxışa yaxınlaşdıracaqmı?

Xəbər verdiyimiz kimi, Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında görüş baş tutub.

Bu barədə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan tərəfi bu görüşlərdə səmimi deyil. Son günlər Ermənistanın Kəlbəcər istiqamətində atəşkəsi mütəmadi pozduğunu xatırlana politoloq Metbuat.az-a açıqlamasında bildirdi ki, Ermənistanın postlarımıza həmlələr etməsində əsas planı Zod qızıl mədənini işğal etməkdir

".

Məhəmməd Əsədullazadə

"İrəvan istəyir ki, Azərbaycan strateji yüksəkliklərdən geri addım atmağa məcbur qalsın. Danışıqlar prosesinin davam etdiyi və Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən dəstəklədiyi fonda sərhəddə hərbi təxribatlar etməsi, prosesi pozmaqla sülh müqaviləsinin bağlanmasını gecikdirməkdir. Ermənistan Fransanın verdiyi silahlarla yenidən hərbi eskalasiyaya başlaya bilər. Məhz Fransanın da əsas planı bundan ibarətdir. Fransa Cənubi Qafqazda geosiyasi mövqeyini güclənməsini Ermənistana hücum silahlarını verməkdə görür. Bununla, Azərbaycana hərbi təzyiqləri artırmaq və Türkiyənin regionda siyasətinin qarşısını alacağına inanır".

Politoloq qeyd etdi ki, Rusiya öz vasitəçiliyi ilə keçirilən danışıqlar prosesində vaxtı uzadaraq KTMT adı altında hərbiçilərini şərti sərhəddə yerləşdirməyə çalışır.

"Xarici işlər nazirlərinin bugünki iclası və liderlərin Moskvada keçiriləcək görüşü praktiki siyasətə söykənmir. Prezident İlham Əliyev özü şəxsən Ermənistanı sülhə məcbur edəcək".

Məlumat üçün bildirək ki, Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov və Ermənistan naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşü başa çatıb. Görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbul evi”ndə baş tutub.

Öz növbəsində ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır.

Ceyhun Bayramov qeyd edib ki, postmünaqişə dövründə münasibətlərin normallaşması prosesi müxtəlif mərhələlərdən ibarətdir. Belə ki, ötən ilin sonundan etibarən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində müəyyən durğunluq müşahidə olunub.

XİN rəhbəri həmçinin Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı bu məsələdə irəliləyiş əldə olunduğunu vurğulayıb.

Tərəflər arasında baş tutan görüş barədə açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələrə dair hər iki tərəfin düşüncələrini ortaq baxışa yaxınlaşdırmaq mümkün olub”.

Onun sözlərinə görə, danışıqların ayrıca mövzusu sülh müqaviləsidir:

“Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda o, digər vasitəçilərin də iştirakı ilə fəal şəkildə müzakirə olunur. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan liderləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində iş, əlbəttə ki, fundamental məsələdir. Amma bizim tərəfdaşlarımız bu gün təsdiqləyiblər ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və kommunikasiya əlaqələri açılmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı