"İndi şahmatda elə bir tendensiya var ki, süni intellekt qrossmeysterlərə, hətta peşəkarlara da çox kömək edir. Düşünürəm ki, süni intellektə qarşı real oyun oynayırsansa, o zaman insanın praktiki olaraq heç bir şansı yoxdur".
Metbuat.az bildirir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forum (SPIEF) çərçivəsində süni intellektə əsaslanan "Mendeleyev Chess" proqramından istifadə etməklə keçirilən sinxron şahmat sessiyası barədə "Matc TV"yə açıqlamasında deyib.
Sessiyada 4 qələbə qazanan 36 yaşlı qrossmeyster bildirib ki, orada iştirak edən oyunçuların qarşısında çətin tapşırıq var: "Biz qrossmeysterlər hər bir gedişdə orta səviyyəni kifayət qədər yüksəkdə saxlayırıq. Proqramın köməyi ilə oynayan şahmatçı isə çətin anlar yaşayır - bir səhv problemlərə səbəb olur. Amma proqram müdafiə səviyyəsini daha yüksək saxlamağa kömək edir, taktiki mövqelərdə bir insandan, hətta dünya çempionundan daha güclüdür".