Ürəktutmasından ölüm halları artır, səbəb vaksindir? - Kardioloq AÇIQLADI

Son zamanlar ölkədə qəfil ürəktutmasından ölümlərin, xüsusən gənclərin ölümü cəmiyyəti olduqca narahat edir. İnsanlar iddia edir ki, koronavirus pandemiyası yayılandan və vaksinlərdən sonra bu hallar daha da artıb.

Məsələ ilə bağlı Metbuat.az-a danışan Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinin müdiri Səbinə Babayeva qeyd etdi ki, sözügedən ölüm hallarının sayının artması faktdır. Xüsusilə gənclərin qəfil ürəktutmasından vəfatı həkimləri də düşündürür:

"Səbəblərə gəlincə, burada əsas vaxtında xəstəliyin aşkar olunmaması və gecikmiş müayinələrdir. Valideynlər maarifləndirilməlidir. Körpə yaşlarından anadangəlmə qüsurların aşkar edilməsi üçün kardioloq baxışı, müayinələr aparılmalıdır. Həmçinin yeniyetmə dövründə idmanla məşğul olmazdan əvvəl mütləq müayinələrdən keçmək lazımdır".

Onun sözlərinə görə, ziyanlı vərdişlərin olması, energetik içkilərin mütəmadi istifadəsi və toksik maddələrin qəbulu da ürək-damar xəstəliklərinə, qəfil ölümlərə yol açır.

Kardioloq koronavirusa qarşı vaksinlərin qəfil ölümlərə təsirindən danışarkən qeyd edib ki, bu barədə hazırda sübutlar yoxdur:

"Koronavirus pandemiyası dövründə insanların laxtalanma sistemində baş verən patoloji dəyişikliklər də bu problemi artırır. Son 1-2 il ərzində ağır ürək çatışmazlığı, kardiomiopatiya diaqnozları ilə müraciət edən xəstələr arasında 25-35 yaş arası gənclərə, əsasən kişi xəstələrə daha çox rast gəlinir. Belə xəstələri müayinə edərkən səbəb kimi sadaladığımız sağlam olmayan həyat tərzi aşkarlanır. Ürək-damar xəstəlikərinin cavanlaşmasında koronavirus vaksinlərinin rolu sübut olunmayıb. Lakin, virusa yoluxan insanlarda laxtalanmanın artması sübut olunmuşdur".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı