Orqan nəqli ilə yaddaş və xatirələr də köçürülə bilər?

Bəzi ürək köçürülən xəstələr yeni orqanlarının əvvəlki sahibinin xatirələri ilə birlikdə gəldiyini iddia edirlər. Bəs bu həqiqətən mümkündürmü?

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, orqan nəqli ilə sağlamlığına qovuşan bəzi insanlar yeni orqanları ilə birlikdə yeni hisslər, dadlar və hətta xatirələr qazandıqlarını düşünürlər. Onların təcrübələrində baş verən dəyişikliklərin orqan donorlarının zövqləri ilə üst-üstə düşməsi isə mütəxəssislər arasında müzakirələrə səbəb olub.

1954-cü ildə ilk uğurlu böyrək köçürməsindən bəri orqan nəqli müasir tibbin ən böyük uğurlarından biri hesab olunur. İllər keçdikcə tibbin inkişafı nəticəsində ürək, ağciyər, qaraciyər və digər orqanların nəqli mümkün olub, minlərlə xəstəyə ikinci həyat şansı verilib.

Bununla belə, bəzi orqan nəqli xəstələrinin yaşadığı sirli təcrübələr diqqəti orqanların yaddaş daşıyıb-daşıya bilməsi sualına yönəldib. Xüsusilə ürək nəqli alan şəxslər arasında heyrətamiz dəyişikliklər barədə məlumatlar yayılır. Kimisi əvvəllər sevmədiyi qidalardan həzz aldığını, kimisi isə fərqli xasiyyət xüsusiyyətləri və ya yeni qorxular əldə etdiyini bildirir.

Məsələn, bir koreoqraf donoru öləndə cibində olan toyuq nugetlərinə qarşı güclü istək hiss etdiyini açıqlamışdı. Belə hadisələr elmi cəhətdən sübuta yetirilməsə də, alimlərin bu fenomenin arxasında hansı mexanizmlərin dayandığını araşdırmalarına təkan verib.

Ən çox irəli sürülən nəzəriyyələrdən biri “hüceyrə yaddaşı” anlayışıdır. Bu nəzəriyyə hüceyrələrin funksiyalarından əlavə, müəyyən məlumatları da saxlayaraq ötürə biləcəyini iddia edir. Digər tərəfdən, yeni orqan alıcının hüceyrə mühitinə daxil olduğu üçün DNT ifadəsində dəyişikliklərin baş verməsi də mümkün sayılır.

Bəzi alimlər isə ürəyin elektromaqnit sahəsinin beyində müəyyən dəyişikliklərə səbəb ola biləcəyini, lakin bu ikili əlaqənin hələ tam başa düşülmədiyini bildirirlər.

Dəyişikliklərin əslində orqan nəqli zamanı xəstələrin üzləşdiyi fiziki və emosional gərginlik, istifadə olunan dərmanların təsiri və ya psixoloji faktorlarla əlaqəli ola biləcəyi də vurğulanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR