"AŞPA-da ikili standartlar hələ də davam edir" - Səməd Seyidov

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası artıq məntiqi yekuna yaxınlaşır. Azərbaycanla bağlı iki istiqamətdə müzakirələr oldu. Birincisi, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinin Avropa problemləri ilə bağlı təqdimatları oldu. Nümayəndə heyətinin üzvləri Nigar Arpadarainin “Miqrantların, qaçqınların və məcburi köçkünlərin idman vasitəsilə sosial inteqrasiyası” və Kamal Cəfərovun “Böyük Britaniyanın insan hüquqları qanunvericiliyində islahatları: daxili və Avropa insan hüquqlarının qorunmasının nəticələri” adlı məruzələri dinlənildi. Avropada aidiyyəti sahələrdə mövcud narahatedici problemləri şərh edən bu məruzələr avropalı parlamentarilərin səsverməsi ilə qəbul olundu. Nümayəndə heyətimizin digər üzvləri də bizi narahat edən məsələlərlə bağlı fikirlərini bildirdilər. Türkiyədə keçirilmiş seçkilərlə bağlı mövqeyimizi ifadə etdik. Ermənilərin sülh prosesində destruktiv mövqeyi ilə bağlı məlumatları sessiya zalında səsləndirdik.

Metbuat.az bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ifadə edib.

“Ancaq təəssüf ki, Avropa Şurası Parlament Assambleyasında ikili standartlar hələ də davam edir. Debatlarda Azərbaycanla bağlı qeyri-obyektiv və reallıqdan uzaq məruzə dinlənildi. Məruzənin müəllifi irlandiyalı deputat Pol Qavandır (Paul Gavan). Laçın dəhlizi ilə bağlı məruzəni hələ yanvar ayından gündəliyə salmaq istəyirdilər. Ancaq o vaxt ermənilər buna nail ola bilmədilər.

Azərbaycanın ərazilərinin təhlükəsizliyini, erməni əsilli vətəndaşlarının təhlükəsiz, sərbəst giriş-çıxışını təmin etməsi ilə vəziyyətin normallaşmağa doğru getdiyini görən erməni separatçılar və onların hamiləri bu məsələni Assambleyanın gündəminə gətirmək məqsədilə yenidən təxribatlara əl atdılar. Əlbəttə, bu məruzə ilə bağlı əlavə məlumatlar verib, fikrimizi bildirmişik. Məruzədən kənar geniş maarifləndirmə işi aparmışıq. Bildirmişik ki, bu məruzə Ermənistan-Azərbaycan sülh danışıqlarına ağır zərbədir. Təəssüf ki, AŞPA Fransanın yolunu seçir və bu, təsadüfi deyil, çünki AŞPA-nın qərargahı Fransada yerləşir”, - deyə S. Seyidov bildirib. Qeyd edilib ki, müəyyən qüvvələr qeyri-obyektiv mövqe ilə danışıqlar prosesinə mane olmağa, ona xələl gətirməyə çalışır.

Azərbaycan nümayəndə heyətinin rəhbəri deyib ki, ancaq onların bu cəhdləri daha çox Ermənistanın daxilində gedən mübarizə ilə bağlıdır. Bu məruzə ilə onlar həm sülh danışıqlar prosesini pozmaq, həm də Ermənistandakı indiki hakimiyyəti devirmək istəyirlər. Erməni terrorçular, separatçılar, köhnə cinayətkarlar kimi müharibə tərəfdarları bundan sui-istifadə etmək istəyirlər.

Vurğulanıb ki, AŞPA-da belə bir məruzəni dinləmək, ilk növbədə, bu təşkilatın özünün nüfuzuna zərbədir. Belə bir təşkilat lobbi qarşısında aciz olduğunu, eləcə də Ermənistanın daxilində hakimiyyət davası aparan qüvvələrin əlində alətə çevrildiyini göstərir.

“Proseslər göstərir ki, Azərbaycan ilə Ermənistan arasındakı birbaşa danışıqların alternativi yoxdur. Bunu iki gün əvvəl Avropa Şurasının Baş katibi də sessiyadakı çıxışı zamanı açıq şəkildə dedi. İndi bu təşkilatda paradoksal vəziyyət yaranıb. Baş katib tərəflərin birbaşa görüşünün tərəfdarı olduğu və bunu yüksək tribunadan bəyan etdiyi halda, Parlament Assambleyasında reallığı əks etdirməyən məruzə dinləməyə çıxarılır və iki ölkə arasında danışıqlara müdaxilə etməyə cəhd göstərilir. Belə siyasi oyunlar Azərbaycanın daxili işinə müdaxilə cəhdidir. Bu isə mümkün deyil. Qarabağ məsələsi artıq öz həllini tapıb və Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlarla danışıq isə daxili işimizdir. Heç kimin daxili işlərimizə müdaxilə etmək hüququ yoxdur.

Azərbaycanın öz sərhədində yaratdığı nəzarət-buraxılış məntəqəsi isə onun ərazilərinə daxil olmağa çalışan silahlı qüvvələrin, hərbçilərin qarşısını almağa xidmət edir. Vətəndaşlarının təhlükəsizliyini təmin etmək Azərbaycanın öhdəliyidir. Laçındakı nəzarət məntəqəsi Azərbaycanın suveren ərazisində yerləşir.

Daxilindəki problemlərə biganə qalan Fransa digər ölkələrdə problemlər axtarışındadır”,- deyən Səməd Seyidov bəzi qüvvələrin siyasi oyunlarının heç bir nəticə verməyəcəyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı