Yayda günəş şüalarının fəsadlarından belə qorunun

Havalar isindikcə Günəş şüalarının dəriyə təsiri də artır. Günəş vannası və qaralma adlandırılan proses ultrabənövşəyi şüaların təsiri nəticəsində dəri rənginin tündləşməsi, dərinin alt qatında melonin piqmentinin toplanmasıdır. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün Günəş şüası məsləhət görülür. Ancaq bu zaman bir sıra məqamlara diqqət göstərmək vacibdir.

Metbuat.az xəbər verir ki, həkim-dermatoloq Sevinc Məmmədova bu barədə AZƏRTAC-a danışıb. O bildirib ki, Günəş şüalarının təsiri dəri tipindən asılıdır: “Ağ dəri günəşlənmə zamanı qızartını daha tez götürür və ona görə həmin dəri tipinə mənsub olanlara günəş altında daha az olmaq məsləhət görülür. Günəş yanıqları dərisi nazik olanların epidermis qatında özünü daha dərin göstərir. Epidermis qalın dəri tipinə uyğun olanlarda Günəş ləkələrinin izləri qalmır”.

İnsanların dərisi dörd tipə ayrılır. Azərbaycanda əhalinin əksəriyyəti ikinci və üçüncü dəri tipinə sahibdir. Bu, daha həssas olan dəri tipi olduğundan günəşlənən zaman yanma ilə nəticələnir.

“Günəşdən yaranan ləkələr melazma adlanır. Elə insanlar var ki, uzun müddət dəri dermatozundan əziyyət çəkir. Hər dəri tipi fərqlidir. Ona görə də hər dəri tipinə uyğun olaraq 50+, 80+ və 100 SPF kremlərindən istifadə etmək tövsiyə olunur. Bununla yanaşı mütləq nəmləndiricilərdən də istifadə edilməlidir ki, dəridə quruluq və qabıqlanma yaranmasın. Təbii ki, Günəş altında olarkən SPF kremləri çəkilməli, sonra isə nəmləndiricidən istifadə edilməlidir”, - deyə həkim-dermatoloq bildirib.

Nəzərə almaq lazımdır ki, Günəşdən qoruyan vəsaitlərin ömrü maksimum 2 saatdır. Dərinin nəmliyini, su balansını qorumaq üçün daha çox maye qəbul edilməli və Günəş yağlarından istifadə olunmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı