Sel suları Qubada yol infrastrukturuna ciddi ziyan vurdu - VİDEO

Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Quba rayonunda bəzi avtomobil yollarında fəsadlara səbəb olub, yol infrastrukturuna ciddi ziyan dəyib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, leysan xarakterli yağışlar nəticəsində rayonun Qonaqkənd istiqamətində Çayqovuşan-Yerfi-Talış-Dərk, Çayqovuşan-Söhüb-Adur-Qarxun avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və iri qaya parçaları tökülüb, yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borulara, körpülərə ziyan dəyib.

Sözügedən yollarda agentlik tərəfindən aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur. Bununla yanaşı həmin yollar nəzarətdə saxlanılır, sel sularının avtomobil yollarına vurduğu ziyan aradan qaldırılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı