​Azərbaycan Dövlət Teatr Muzeyində xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib - FOTO

İyulun 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə xalq artisti, tanınmış teatr və kino aktyoru Nurəddin Mehdixanlı ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova qeyd edib ki, 2023-cü il “Heydər Əliyev İli” ilə yanaşı, həm də Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illik yubileyi ilə əlamətdardır. Bildirilib ki, il ərzində muzeydə müxtəlif səviyyəli tədbir və layihələr həyata keçirilir “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi də bu qəbildəndir. Sevinc Mikayılova qarşılıqlı birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, təşkilatın və layihənin işində uğurlar arzu edib.

“İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı görüş iştirakçılarını salamlayaraq, “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən görüşün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində keçirilməsinə görə öz təşəkkürünü bildirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizdə teatr sahəsinin inkişafına daim diqqət göstərib, həyata keçirilən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, ölkə başçısı tərəfindən Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamın imzalanması ölkə mədəniyyətinə göstərilən yüksək diqqətin təzahürüdür və keçiriləcək tədbirlər teatrımızın çiçəklənməsinə yeni stimul verəcək.

Daha sonra xalq artisti Nurəddin Mehdixanlı geniş təqdimatla çıxış edib. Təqdimat müddətində onun rol aldığı çox saylı teatr tamaşaları, filmlər, eləcə də, görkəmli aktyorun Ümummilli Lider Heydər Əliyev ilə olan xatirələrindən söhbət açılıb. Tədbir “Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətində milli teatr sənətinin inkişaf perspektivləri”, “Teatr yaradıcılığında Heydər Əliyev fenomeni” və “Peşəkar aktyorluq sənətinin müasir Azərbaycan gəncliyinin maarifləndirilməsi istiqamətində effektiv təbliği və əhəmiyyəti” mövzularına panel müzakirə ilə davam edib, auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Görüşün bədii hissəsində istedadlı musiqiçilərin ifasında dillər əzbəri olan xalq mahnıları və təsniflər səsləndirilib. Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır. Layihə çərçivəsində indiyədək müxtəlif mədəniyyət xadimləri ilə görüşlər həyata keçirilib. Tədbirlərin il ərzində davam etməsi planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR