Rəşad Dağlı amnistiyaya düşə bilər? - Hüquqşunas detalları açıqladı

Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlıya hökm oxunub. Hökmə əsasən, o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Metbuat.az-ın məlumatına görə, məhkəmə qərarı bəlli olandan sonra, sosial şəbəkələrdə hökmlə bağlı müzakirələr aparılır.

Meyxanaçının belə cəza almasına üzülənlər də var, cəzanın yüngül olduğunu düşünənlər də.

Ancaq unudulan bir məqam da var: cinayət heç vaxt cəzasız qalmır!

Bundan başqa, Rəşad Dağlının amnistiyaya düşüb-düşməyəcəyi ilə bağlı müzakirələr də aparılır. Bir çoxu onun tanınmış meyxanaçı olması fikrini irəli sürür və buna görə gələcəkdə vaxtından əvvəl azadlığa çıxa biləcəyini ehtimal edir.

Bu söz-söhbətlərdə ən çox müzakirə olunan məsələ isə onun cəzasının sonluğunda yer alan 6 aylıq müddətdir. Bəziləri isə iddia edir ki, əgər cəzada 6 aylıq müddət varsa, həmin şəxsə amnistiya aktı tətbiq edilə bilməz.

Məsələyə Vəkillər Kollegiyasının üzvü, hüquqşunas Toğrul Vəliyev münasibət bildirib. O, “Qafqazinfo”ya açıqlamasında cəzanın sonluğunda yer alan 6 aylıq müddətlə bağlı müzakirələrin əsassız olduğunu qeyd edib:

“Hər hansı bir cəza təyin olunarkən cəzanın sonluğunda 6 ay və ya hər hansı bir ay olaraq əlavə edilibsə, belə fikirləşirilir ki, həmin şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə və ya amnistiya aktı tətbiq oluna bilməz. Xeyr, bu belə deyil. Çünki cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən Cinayət Məcəlləsinin 76-cı maddəsinə istinad edilir. Xüsusi ilə ağır olan cinayətə görə məhkum edilmiş şəxs cəzasının 3/4 hissəsini çəkdikdən sonra, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər.

Amnistiya gəlincə, bu, elə bir formada qəbul edilib ki, onun müəyyənləşdirilmiş dairəsi var. Bu da Cinayət Məcəlləsinin 81-ci maddəsində öz əksini tapıb. Həmin maddədə deyilir ki, cinayət törətməyə görə məhkum olunmuş şəxslər cəzadan azad edilə, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər. Bundan başqa, belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər”.

Vəkil eyni zamanda, Rəşad Dağlı ilə bağlı hökmə də münasibət bildirib:

“İki maddə üzrə təyin edilən cəza var. 120.1-ci maddəyə əsasən, 9 ildən 14 ilədək cəza nəzərdə tutulur. 228.4-cü maddədə isə əlavə cəzalar da var. Azadlıqdan məhrumetmə ilə bağlı bir ilədək cəza nəzərdə tutulub. Hər iki maddə üzrə cəzalar toplanılıb və 9 il 6 aylıq həbs müdddəti təyin edilib. Təyin edilən cəza maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddinə daha yaxındır. Amma 9 il 6 ay yüngül cəza deyil. Fikrimcə, maddənin ağırlığı nəzərə alınaraq təyin edilmiş cəzadır”.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı