Bərdə-Ağdam avtomobil yolunun tikintisi işlərinin 88%-i icra olunub - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bərdə-Ağdam avtomobil yolunun tikintisini yekunlaşdırmaq üzrədir.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, yol boyu torpaq işləri və yeni torpaq yatağının inşası, layihə üzrə nəzərdə tutulmuş qalınlıqda və lazımi materiallardan istifadə olunmaqla yol əsasının və asfalt-beton örtüyünün 2 layının tikintisi yekunlaşıb. Layihə üzrə süni qurğular, yol qovşaqları və körpülər üzrə tikinti işləri, həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan dairəvi suötürücü boru, düzbucaqlı su keçidi və zəruri olan yerlərdə yeraltı keçidlərin inşası da 100 % yerinə yetirilib.

Belə ki, Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı km-lik hissəsində 91.3 və 18.2 metr uzunluğa malik avtomobil körpülərin, yolun 14 və 42-ci km-lik hissəsində 66 və 43 metr uzunluğa malik yol qovşaqlarının və yolun 4, 14 və 16 km-lik hissələrində nəzərdə tutulan yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunaraq tamamlanıb.

Yol boyu Nyucersilərin (beton bardyor) və yaşayış məntəqələrində nəzərdə tutulan piyada səkilərinin inşası, səki və tamet daşlarının tikintisi də sona çatdırılıb.

Yolun 29-cu km-də də “Pit stop” (Dayan Dincəl) məntəqəsinin yerləşəcəyi ərazidə tikinti işləri isə davam edir.

Hazırda yol boyu aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) tikintisi, işıq dirəklərinin quraşdırılması istiqamətində işlər həyata keçirilir. Artıq avtomobil yolunun ilk 10 km-lik hissəsində aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) döşənməsi işləri yekunlaşıb.

Ümumilikdə layihə üzrə nəzərdə tutulan işlərin 88 %-i icra olunub. Yaxın müddət ərzində yeni yolun tikintisinin başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 km təşkil edir. Bərdə-Ağdam avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı