İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və "Azəriqaz" İstehsalat Birliyi arasında müqavilə imzalanıb.
Metbuat.az xəbər verir ki, müqaviləyə əsasən, “Azəriqaz” İB-nin “Sayğacların müayinəsi laboratoriyası”nın idarə edilməsi AzMİ tərəfindən həyata keçiriləcək. Müqavilənin bağlanılmasında əsas məqsəd sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın təchizatçı müəssisənin nəzarətindən çıxarılaraq bu prosesin müstəqil tərəfə ötürülməsindən ibarətdir.
Vəziyyəti şərh edən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ölçmənin kim tərəfindən aparılması, bu ölçməni həyata keçirəcək sayğacların alınması baxımından məsələ olduqca ciddidir.
"Güman ki, bundan sonra "Azəriqaz", yaxud SOCAR milyonlarla vəsait tələb olunan sayğacların alınması üçün, smart yoxsa mexaniki tip sayğacların alınması üçün müstəqil qərarlar verə bilməyəcək. Bu prosesdə Antiinhisar da iştirak edəcək. Eyni zamanda indiyədək xidməti göstərənin , təchizatçının əlində həm də onun ölçülməsini müyyən edən avadanlığın da olması maraq toqquşmaları yaradırdı. İndi isə bu məsələ müstəqil tərəfə verilib. Düşünürəm ki, bununla da kommunal sektorda ölçmə işlərində daha ağlabatan, daha etibarlı nəticələrin əldə olunması təmin ediləcək".
Osman Gündüz hesab edir ki, Antiinhisar bu prosesdə ictimai nəzarət imkanlarını yaradacaq, şəffaflığı təmin edəcək.
"Əgər bu proseslər şəffaf, maraqlı tərəflərin iştirakı, ictimai nəzarət imkanları yaradılmadan aparılacaqsa Antiinhisar üçün əlavə bir "sayğac" başağrısının da yaranacağını proqnozlaşdırmaq olar. Ümid edirəm, bununla da, bəlkə də "kommunal xidmətlərin vahid informasiya sisteminin" yaradılması ilə bağlı Prezidentin müvafiq göstərişlərinin icrası da nəhayət sürətlənər".
Qeyd edək ki, tərəflər arasında imzalanmış müqavilə 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.