"Azərkosmos" Çin şirkəti ilə yeni müqavilə imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Çinin kosmik infrastruktur və yerüstü peyk xidmətləri təqdim edən “Emposat” şirkəti ilə hostinq xidmətlərinin göstərilməsinə dair biznes müqaviləsi imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Müqaviləyə əsasən, "Azərkosmos" Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportunda “Emposat” şirkətinin 7,3 metrlik S/X diapazonlu yerüstü anten sistemini quraşdırıb. Bu sistem “Emposat”ın ölkəmizdə quraşdırdığı sayca 2-ci uğurlu biznes infrastrukturudur. Belə ki, 2 il əvvəl şirkət Bakı teleportunda özünün 4,2 metrlik S/X diapazonlu yerüstü antenini quraşdırıb. Bu infrastruktur sayəsində “Emposat” müştərilərinə peyklər və peyk şəbəkələri arasında izləmə, peyklərin sağlamlığının yoxlanılması, telemetriyanın alınması və peyklərə nəzarətin düzgün aparılması üzrə xidmətlər təqdim edir.

"Azərkosmos"un hostinq xidmətlərindən növbəti dəfə faydalanan “Emposat” müştərilərini yerüstü peyk xidmətləri ilə təmin edəcək. Bu da şirkətə öz resurslarını optimallaşdırmaq üçün geniş imkan açacaq. “Emposat”ın yeni anten infrastrukturu bazarda yüksək keyfiyyətli, asan quraşdırıla bilən, peyklərdən dəqiq siqnalları qəbul edən və sərfəli rabitə xidmətlərini genişləndirməkdə əsas rol oynayacaq.

"Azərkosmos"un beynəlxalq “Tier 4” sertifikatına malik olan teleportu təkcə peykdən alınan siqnalların izlənilməsi və nəzarəti xidmətlərini deyil, həm də hostinq, yəni qlobal şirkətlərə məxsus yerüstü stansiyanın quraşdırılması, istismarı, saxlanması kimi xidmətləri də həyata keçirir. Geniş əraziyə malik, 15-dən çox anten ilə fəaliyyət göstərən yerüstü stansiyanın unikal və əlverişli mövqeyi qlobal şirkətlərin biznes məqsədli infrastrukturlarını Azərbaycanda quraşdırmağa əsas verir.

“Bizə növbəti dəfə etibar etdiyi üçün “Emposat” şirkətinə təşəkkür edirik. Biz birlikdə teleportumuzun imkanlarının daha da innovativ olmasına çalışırıq. Bu, Azərkosmos və “Emposat” komandaları arasında mükəmməl əməkdaşlığın göstəricisidir”, – deyə "Azərkosmos"un sədr müavini Fuad Aslanov qeyd edib.

“2021-ci ildə "Azərkosmos"un dəstəyilə Bakıda ilk xarici stasionar stansiyamızı tikdik. Çox şadıq ki, 7,3 metrlik anten vasitəsilə peykdən aldığımız məlumatların qəbul imkanlarını təkmilləşdirəcəyik. Əməkdaşlığımızı bütün aspektlərdə genişləndirməyi səbirsizliklə gözləyirik”, – “Emposat”ın I vitse-prezidenti Donq Vei deyib.

Oktyabrda Bakının ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresində Çinin “Emposat” şirkəti də təmsil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı