QAİ-dən beynəlxalq təşkilatlara MÜRACİƏT

Qərbi Azərbaycan İcması “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına məktublar göndərərək, Ermənistanın etnik təmizləmə aparması və qovduğu azərbaycanlıların öz evlərinə qaıytmalarının qarşısını alması nəticəsində azərbaycanlıların pozulmuş hüquqlarının bərpasında iştirak etmələrini xahiş edib.

Metbuat.az xəbər verir ki, bu barədə İcmanın müraciətində bildirilib.

“Azərbaycanlı əhalinin Ermənistandan zorla qovulması, insan ləyaqəti və bərabərlik prinsiplərinə xələl gətirməklə, beynəlxalq konvensiya və müqavilələrə zidd olmaqla, insan hüquqlarının çoxsaylı və kobud pozuntulara səbəb olub. Ermənistan orada yaşamış azərbaycanlılara qarşı qırğın, terror, hədə-qorxu törətməklə, əmlaklarını qanunsuz ələ keçirməklə, onları təhlükə və ya az dəyərli varlıqlar kimi qələmə verən sistemli təbliğat və insanlıqdan məhrumetmə kampaniyası aparmaqla, onların hərəkət azadlığını və resurslara çıxışını məhdudlaşdırmaqla etnik təmizləmə aparıb. Ermənistan hakimiyyət orqanları, həmçinin azərbaycanlıların qəbiristanlıqlarını, dini ocaqlarını, mədəni və tarixi abidələrini dağıdıb. Ermənistan hökuməti bunları törədərək azərbaycanlıları fiziki olaraq didərgin salmaqla kifayətlənməyib, həm də onların bir etnos kimi izlərini o torpaqlardan silməyə cəhd edib.

1987-1991-ci illərdə Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə nəticəsində bu gün həmin ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan qovduğu yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququnu təmin etməkdən imtina etməklə, onların iztirablarını daha da artırır. Ermənistan dəfələrlə etdiyimiz çağırışlara rəğmən, bizimlə insan hüquqlarımız mövzusunda dialoqa başlamaqdan belə qəti şəkildə imtina edir. Biz dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətimizi açıq şəkildə təsdiqləsək də, eləcə də geri qayıtmaq hüququmuza dair tələbimizin Ermənistanın ərazi bütövlüyünə xələl gətirməsi kimi qələmə verilməməli olduğunu aydın şəkildə bəyan etsək də, Ermənistan destruktiv yanaşmasını davam etdirir.

Azərbaycan əhalisinin Ermənistandan zorla qovulması çoxsaylı fundamental insan hüquqları prinsiplərinin və beynəlxalq konvensiyaların kobud və çoxşaxəli pozulmasıdır. Qətliamlar, hədə-qorxu, nifrət təbliği ilə amansız etnik təmizləmənin həyata keçirilməsi və qayıtmaq hüququnun inkarı sonu bitməz insan iztirabları, parçalanmış icmalar və dərin ədalətsizliklərə gətirib çıxarmışdır. Ermənistanın hərəkətləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya və digər beynəlxalq sənədlərdə təsdiq edilmiş bərabərlik, ayrı-seçkiliyə yol verməmək və insan ləyaqəti prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu dərin pozuntuları aradan qaldırmaq, zərərçəkmiş əhalinin hüquqlarını bərpa etmək və insan hüquqlarına, ədalətə və bərabərliyə sadiqliyi təsdiqləmək üçün təcili və güclü beynəlxalq müdaxilə zəruridir.

Şübhəsiz ki, geri qayıtmaq hüququnun təmin olunması ədaləti bərpa etmək, sülh və barışıq əldə etmək üçün beynəlxalq səylərin mərkəzində olmalıdır.
Bu pozuntuların ağırlığını və miqyasını, həmçinin qarşıda duran vəzifələri nəzərə alaraq, təşkilatlarınızın missiyasına və təşəkkül tapmış təcrübəyə uyğun olaraq, təcili şəkildə aşağıdakı tədbirləri görməyinizi xahiş edirik:

Sənədləşmə: Şahid ifadələri, fotoşəkillər, videomateriallar və digər sənədlər da daxil olmaqla, azərbaycanlıların Ermənistandan zorla qovulması, həmçinin Ermənistanın qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmaq hüququndan istifadə etməsinə əngəl törətməsi ilə bağlı insan hüquqlarının pozulmasına dair sübutların toplanması və sənədləşdirilməsində peşəkar yardımınızı xahiş edirik.

Mövcudluq, Monitorinq və Hesabat: Təşkilatlarınızdan xahiş edirik ki, ümumi vəziyyəti, qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtması ilə bağlı vəziyyəti daimi nəzarətdə saxlamaq, azərbaycanlılara qarşı etnik təmizləmə, o cümlədən mədəni abidələrin dağıdılması və təhqir edilməsi ilə bağlı sübutları toplamaq üçün Ermənistana araşdırma missiyası göndərsin və Ermənistanın müvafiq rayonlarında davamlı mövcudluğunu təmin etsin.
Maarifləndirmə: Sizdən xahiş edirik ki, öz hesabatlarınız, nəşrləriniz və KİV-lə əməkdaşlığınız vasitəsilə Ermənistandan azərbaycanlıların etnik təmizləməyə məruz qalması barədə məlumatlılığı artırasınız. Bu, beynəlxalq ictimaiyyəti Ermənistanın törətdiyi qəddarlıqlar barədə və insan hüquqlarının və beynəlxalq humanitar hüququ pozması haqqında məlumatlandırmağa kömək edərdi.

İctimai kampaniyalar: Təşkilatlarınızdan xahiş edirik ki, Ermənistandan azərbaycanlıların etnik təmizlənməsi və Ermənistanın onların öz evlərinə qayıtmasına imkan yaratmaqdan israrla imtina etməsi ilə bağlı ictimai rəyi səfərbər etmək və dəstək toplamaq üçün ictimai kampaniyalara başlasın.
İctimai vəkillik: Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını müdafiə etmək üçün nüfuzunuzdan və təsir imkanlarınızdan istifadə etməyinizi xahiş edirik. Bu, qovulmuş azərbaycanlıların hüquqlarını müdafiə etmək və onların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasını təmin etmək üçün hökumətlər, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflərlə əlaqəni əhatə edə bilər.

Ermənistan hökumətinə təzyiq: Təşkilatlarınız hökumətlərin və beynəlxalq qurumların Ermənistan tərəfindən törədilmiş etnik təmizləməyə qarşı sərt mövqe tutmaları və qayıdış məsələsini həll etmək üçün diplomatik, iqtisadi və siyasi vasitələrdən istifadə etmələri üçün lobbiçilik etməklə insan haqları məsələmizə kömək edə bilər. Bu qəbildən olan tədbirlərə hökumətləri Ermənistana qarşı sanksiyalar, embarqolar və digər tədbirlər görməyə çağırmaq daxildir.

Hüquqi tədbirlər: Sizdən xahiş edirik ki, Ermənistandan azərbaycanlıların etnik təmizlənməsinə görə məsuliyyət daşıyan və onların geri qayıtmaq hüququna mane olan şəxslərin və qrupların təhqiqatı, cinayət təqibinin həyata keçirilməsini tələb etməklə onların ədalət məhkəməsi qarşısında cavab vermələrini təmin etməkdə təşkilatımıza kömək edəsiniz. Bu, müvafiq beynəlxalq qurumlarla əməkdaşlıq etməyinizi və hökumətləri cinayətkarlara qarşı hüquqi tədbirlər görməyə təşviq etməyinizi ehtiva edə bilər.

Qurbanları dəstəkləmək: Təşkilatınız Ermənistan tərəfindən etnik təmizləmə qurbanlarına öz hekayələrini danışmağa və ədaləti müdafiə etməyə kömək edə bilər. Bu dəstək Ermənistanın törətdiyi hüquq pozuntularından əziyyət çəkənlərin və onların icmalarının öz haqq səslərini ucaltmağa yardım edər.
Biz, həmçinin təşkilatınızın nümayəndələrini İcmamızı ziyarət etməyə və daha ədalətli gələcəyə doğru birgə işləməyə imkan yaradacaq əməkdaşlığa başlamaq imkanlarını araşdırmağa dəvət edirik.

Sizin müdaxilənizin, Ermənistandan qovulmuş azərbaycanlıların məruz qaldıqları böyük haqsızlıqların aradan qaldırılmasında və onların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayacağına inanırıq”, - müraciətdə vurğulanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı