"Ermənistan Azərbaycan ərazisində hansısa fəaliyyət göstərə bilməz" - Deputat

Bir neçə gün bundan əvvəl Ermənistan hökuməti “Laçın dəhlizinin blokadası nəticəsində Qarabağ ərazisində yaranmış vəziyyətlə əlaqədar” BMT Təhlükəsizlik Şurasına müraciət edərək fövqəladə iclasın keçirilməsini istəyib.

Ermənistan 27 il ərzində Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayıb.

Nikol Paşinyan hökümətinin bu manipulyasiyasından sonra BMT-nin iclas keçirib-keçirməyəcəyi ilə bağlı millət vəkili Fazil Mustafa Metbuat.az-a bildirdi ki, beynəlxalq hüquq çərçivəsində hansısa bir sənədin qəbul olunması mümkün deyil:

“Azərbaycan öz ərazisində suveren hüquqlarını həyata keçirməkdədir. Biz Ermənistanın hansısa ərazisinə müdaxiləedici addım atmırıq. Əksinə, Ermənistan bizim əraziyə müdaxilə edir. Azərbaycan Qarabağda hər hansı bir humanitar dəstəkdən imtina etmir. Amma bunun marşrutunu Azərbaycan müəyyən etməlidir. Onlar istəyirlər ki, hər hansı bir yolla, bəlkə də hava vasitəsilə Azərbaycanın razılığı olmadan təzyiq göstərsinlər. Biz buna yol verə bilmərik.

Ermənistanın BMT TŞ-də Azərbaycana qarşı bəyanatı hansı səviyyədə müzakirə edilirsə edilsin, yalnız Azərbaycanın suverenliyi çərçivəsində bu məsələ öz doğru həllini tapmalıdır. Separatçılıq və terrorçuluqla məşğul olan Ermənistan Azərbaycan ərazisində hansısa fəaliyyət göstərə bilməz”.

Xatırladaq ki, Ermənistan Fransanın dəstəyi ilə 2022-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasına Bakını Qarabağ ermənilərinin “hüquqlarını pozmaqda” və Laçın dəhlizini “blokada” etməkdə ittiham edən sənədi irəli sürməyə cəhd etmişdi. Lakin Fransanın hazırladığı bəyanat Rusiyanın fəal davranması nəticəsində bloklanmışdı.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR