Səfirliyə hücum Livan-Azərbaycan münasibətlərinə təsir edəcək? - AÇIQLAMA

“Tarix boyu erməni milləti Azərbaycana, Türkiyəyə qarşı müxtəlif üsullardan, o cümlədən terror aktlarından istifadə edib. Açıq müstəvidə Ermənistan Azərbaycana tam uduzub. Erməni xislətini nəzərə alaraq, onların təxribatlarına hər zaman hazır olmalıyıq”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Murad Saddədinov deyib. Ermənilərin Qarabağda yerləşən Rusiyadan göndərilmiş emissarı Vardanyanın müsahibələrində də bu təxribatlar barədə düşüncələrini gizlətmədiyini xatırladan müsahibimiz vurğuladı ki, Azərbaycanın xaricdə olan diplomatik missiyaları, diplomatları, onların təhlükəsizliyinə cavabdeh dövlət orqanları müəyyən tədbirlər görməlidirlər.

“Livan ərazisində kifayət qədər erməni diasporu fəaliyyət göstərir. Onların içində bir çox terrorçular, muzdlular mövcuddur. Hətta İkinci Qarabağ müharibəsində onlardan Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşən muzdlular saxlanılaraq həbs edilmişdi. Onların bir qismi qeyri-qanuni olaraq Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdirilmişdir. Bütün bunlar nəzərə alınaraq Livandakı diplomatik korpusumuz daha da ayıq-sayıq olmalıdır”.

Səfirliyə hücum hadisəsinin Livan və Azərbaycan arasında münasibətlərə təsiri ilə bağlı Murad Saddədinov qeyd etdi ki, bu Livan hökümətinin reaksiyasından asılı olacaq:

“Əgər Livan höküməti beynəlxalq konvensiyalara uyğun olaraq bütün tədbirlərə – Azərbaycan diplomatik korpusuna qarşı törədilən hadisənin cinayətkarlarının tutularaq məsuliyyətə cəlb edilməsinə çalışarsa, ölkələrimiz arasında münasibətlərə təsir etməyəcək. Əksinə ərazisində olan terrorçuların məsuliyyətdən yayınmağa şərait yaradarsa, hesab edirəm ki, birmənalı olaraq bu münasibətlərə təsir edəcək və Azərbaycan tərəfindən adekvat addımlar atılacaqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı