“Azərbaycan dili və Ədəbiyyatı” Forumu özünü doğrultdu? - TƏHLİL

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən “Azərbaycan Dili və Ədəbiyyatı” Forumuna yekun vurulub.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən forumdan gələcək gözləntilər barədə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Metbuat.az-a açıqlamasında bildirdi ki, bu Forum Azərbaycan dili və ədəbiyyatına həsr olunmuş çox ciddi müzakirə platformalarından birinə çevrildi:

“Forumun ideyalarından biri də Azərbaycan dilinin mədəni faktor kimi qabardılması idi. Müzakirələr də hədəfimizin nə qədər doğru olduğunu bir daha sübut etdi. Nəticələr haqqında danışmaq hələ tezdir. Bizim məqsədlərimizdən biri “Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası”nın formalaşması üçün professional ictimai fikri toplamaq idi. Bu Foruma aid olan yazılar stenoqram olunaraq analizdən keçiriləcək və həmin strategiyaya daxil olacaq.

Hesab edirəm ki, bu, eyni zamanda analitik alət də sayıla bilər. İstəyirik ki, həmin sferada Azərbaycan dili, ədəbiyyatı, nəşriyyat işi ilə bağlı hansı məqamlar daha vacib və daha operativ müdaxilə tələb edirsə, onları üzə çıxaraq. Bu baxımdan mənə elə gəlir ki, biz məqsədlərimizə nail olmuşuq”.

Azərbaycan dilinin bugünkü səviyyəyə qalxmasında, Azərbaycan ədəbiyyatının inkişafında ümumilli lider Heydər Əliyevin xidmətlərinin əvəzsiz olduğunu ifadə edən Milli Məclisin deputatı, filologiya elmləri doktoru professor Nizami Cəfərov kifayət qədər miqyaslı keçirilən Formun işini yüksək qiymətləndirdi:

"Forumda müxtəlif panellərdə Azərbaycan dili, ədəbiyyatı, teatr, kino, kitab nəşri və xüsusilə də ayrıca uşaq ədəbiyyatı ilə bağlı məsələlər müzakirə olundu. Üç gün ərzində bizim bir sıra iştirakçılarımız ziyalılarımızla ünsiyyətdə olub, onların ən üstün cəhətlərini gördülər. Müxtəlif sahələr üzrə yüzlərlə mütəxəssisin iştirak etdiyi Forumun nəticələri qənaətbəxş oldu. Xüsusilə “Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası”nın ətrafında bir çox məsələlər müzakirəyə çıxarıldı. Elm və mədəniyyət sahəsində bütün dünyada müzakirə olunan və mütəxəssislərin irəli sürdüyü müəyyən fikirlər ətrafında diskussiyalar aparıldı.

İlk dəfə olaraq Azərbaycan dili mədəniyyət hadisəsi kimi Forumda təqdim olundu. Bununla da, hər kəsə məlum oldu ki, artıq Azərbaycan dili barəsində yalnız bir ünsiyyət vasitəsi, yaxşı tələffüz edəcəyimiz, yazacağımız bir dil səviyyəsində yox, ümumiyyətlə, bizim təfəkkür mədəniyyətimizin ifadəsi səviyyəsində söhbətlər aparılmalıdır. Bu sahədə bizim mütəxəssisimiz azdır. Dilçiliyi həmişə hücrə elmi səviyyəsinə endirilibdir. Adətən dil haqqında bir qayda olaraq dilçilər yox, şairlər, yazıçılar danışıblar. Amma indi dilçilər cəmiyyətdə fikir söyləyib, dili nitqdən fərqləndirərək, elmi əsaslarla yanaşırlar.

Azərbaycan Prezidentinin Azərbaycan dilinin inkişafı ilə bağlı bir neçə sərəncamı var. Qloballaşma şəraitində dilimizin qorunması, dilçiliyimizin inkişafı, yəni bu məsələlər ayrıca bir dövlət proqramında cəmiyyətə təqdim olunub. Hesab edirəm ki, dilçilik fikrinə hörmətlə yanaşmaq lazımdır”.


Forumda iştirak edən gənc nəslin düşüncə və mülahizələrini yüksək qiymətləndirən müsahibimiz qeyd etdi ki, Azərbaycanda yaradıcı gənclər həmişə fəal olublar. Hazırda gənclərin həm Yazıçılar Birliyində, həm kitab nəşrində çox yaxından iştirak etdiyini deyən Nizami Cəfərov Forumda onların problemlərinə də biganə yanaşılmadığını, mövcud çatışmazlıqların həllinə yönəlmiş addımlar atılacağını bildirdi:

“Yaxşı olardı ki, gənclərimiz elmdə, düşüncədə, ictimai fikirdə mütəxəssisliyə yaxınlaşan iddia ilə çıxış etsinlər. Problemlər hər zaman var. Birini müzakirə edirsən, digəri çıxır. Bu problemlər olmasa, ədəbiyyat da irəli getməz. Əgər problem müzakirəyə verilirsə, bu artıq məsələnin həllinin yarısı deməkdir. Hesab edirəm ki, forumda hansısa qısqanclıq, məhdudiyyət olmadı. Düzdür, qəbul olunan, olunmayan fikirlər var idi. Ümumilikdə Forumdan gözləntilər özünü doğrultdu, nəticələri də yaxşı olacaq”.

Millət vəkili Fazil Mustafa da Forumla bağlı düşüncələrini Metbuat.az-la bölüşüb. Müzakirə aparmağın hər zaman faydalı olduğunu ifadə edən deputat hesab edir ki, burada kiminlə müzakirə aparmaq məsələsi də çox önəmlidir:

“Müzakirə aparan zaman düşünmək lazımdır ki, bunu töhfə verə biləcək kontingentlə edirsən, yoxsa gileyçi, şikayətçi, hər şeyin müəyyən dərəcədə öz dar fəaliyyət sferasında qiymətləndirən şəxslərlə. Hər halda, bütün hallarda mən müzakirənin aparılmasına üstünlük verirəm. Bundan sonrası konkret istedad sahiblərinin, düşüncə adamlarının öhdəsinə buraxılmalıdır. Dilin indiki vəziyyəti, onun inkişaf etdirilməsi, ədəbi mətnlərin zənginləşdirilməsi, istedadların dəstəklənməsi istiqamətində konkret layihələr gerçəkləşdirilməlidir. Bunu təbii ki, bürokratik bir mexanizmlə etmək müəyyən problemlər də yarada bilir. Çünki bürokratik düşüncə ilə bir sıra məsələlərin çözülməsi xeyli çətin olur.

İndiki Azərbaycan Mədəniyyət Naziri, mütərəqqi baxışlara sahib insandır. Həm də konkret yönəldiyi düşüncələr var. Nə qədər problemi görməyə, çözməyə nail olacaq, bunu zaman göstərəcək. Əlbəttə, bunun qarşısında böyük əngəllərin olması istisna deyil”.


Fazil Mustafa vurğuladı ki, cəmiyyətin potensialı da hər hansı bir mədəniyyət sahəsində aparılacaq islahatları dəstəkləməyə hazır deyil. Millət vəkili deyir ki, kimin bir az marağına toxundunsa, artıq düşmənə çevrilir və hansısa bir iş görmək bu sahədə mümkün olmur:

“Azərbaycanda əslində mədəniyyət sferası adamlar üzərində qurulub, prinsiplər üzərində qurulmayıb. Kimsə haradasa, hansısa bir sahədə öndədirsə, bu bir çox hallarda simpatiya məhsulu, subyektiv amil olaraq orda o yeri tutur. Onun vura biləcəyi zərəri heç kim proqnozlaşdırmır, çünki o daha çox o sahədə xoşa gələn, yaxud da qəbul olunan bir obraz olaraq görülür. Amma iş tələb edən, yaxud da işin keyfiyyətini qaldıran bir xarakter məsələsi çox vaxt müzakirə olunmur. Bu da əslində çətinliyi yaradan səbəblərdir. Elə postlar var ki, məsələn, ona heç Mədəniyyət Naziri də toxuna bilməz. Amma təşəbbüslər, heç olmasa cəhdlər vacibdir.

Mən də bu istiqamətdə atılan addımları dəyərləndirirəm. Hesab edirəm bu addımlar dəstəklənməlidir ki, bu sahədə nöqsanlarımızı görək və irəliyə doğru nələrisə dəyişməyə nail ola bilək. Bütövlükdə bu kimi məsələlərin, problemlərin dilə gətirilməsi, uca səslə deyilməsi və onun həlli ilə bağlı təkliflərin səsləndirilməsi bəlkə də hansısa bir məqamda qulağa çatacaq və nələrsə yaxşıya doğru düzəltmək mümkün olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı