Ermənistana “Kulak-ov zərbəsi” - Putinin Qarabağla bağlı planı var?

Avqustun əvvəlində Ermənistanın “Hraparak” qəzeti yazmışdı ki, Ermənistan hakimiyyəti ölkənin Rusiyadakı səfirinin dəyişdirilməsi məsələsini müzakirə edir. Nəşr qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlərin yenilənməsinə ehtiyac var və bunu dərk edən tərəflər səfirlərin dəyişdirilməsi ilə ilk addımı atmaq istəyirlər.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Metbuat.az-a bildirdi ki, son dövrlərdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərin Rusiyaya qarşı aqressiyasının artması, Rusiyanın əvəzinə Fransanı yeni ağa olaraq seçməyə çalışmaları bu ölkəni kifayət qədər ciddi şəkildə qıcıqlandırıb:

“Diqqət yetirsək görərik ki, bir neçə gün öncə İtaliya qəzetinə müsahibə verən Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistanın hərbi təhlükəsizlik baxımından Rusiyanı seçməsini strateji səhv kimi qiymətləndirilməsi böyük bir əks səda yaratmışdır. NATO tərəfindən Ermənistana müəyyən şirnikləndirici vəd verilib, çağırışlar edilməkdədir və Rusiya rəhbərliyi aydın şəkildə görür ki, Ermənistan Rusiyaya xəyanət edir. Bu həmin Rusiyadır ki, vaxtilə ermənilərin Qafqaza köçürülməsini təmin edib. Bu həmin Rusiyadır ki, bugünkü Ermənistan Cənubi Qafqazda mövcudluğuna görə bu dövlətə, bu imperiyaya borcludur”.

2023-cü il sentyabrın 3-dən Qarabağda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığı general-mayor Kulakov Kirill Denisoviçə həvalə edildi. Elnur Kəlbizadə hesab edir ki, belə bir vəziyyətdə Rusiya Qarabağdakı sülhməramlı qüvvələrin komandanını dəyişməklə həm Ermənistana, həm də sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə yaşayan erməni əhalisinə mesaj verməyə çalışır:

“Bu dəfə verilən mesaj sülhməramlı qüvvələrə komandan göndərilən şəxsin soyadıyla verildi. Bilirsiniz ki, 44 günlük Vətən müharibəsi başqa bir adla “Dəmir yumruq” əməliyyatı adlanır. Rusiyanın göndərdiyi komandanın soyadı Kulakovdur. "Kulakov" soyadının içərisində rus dilindən tərcümədə yumruq ifadəsi var. Fikrimcə, belə bir soyadlı şəxsi göndərməklə Rusiya həm də ermənilərə onları “Dəmir yumruğ”un öldürücü zərbəsindən kimin xilas etdiyini xatırlatmağa çalışır.

Fikrimcə, Rusiya Kulakov kimi son dövrlərdə hərbi karyerasında Kazandakı hərbi məktəbə rəhbərlik edən, münaqişə bölgələrindən uzaqda dayanmış bir şəxsi göndərməklə tədricən 2025-ci ilə hazırlaşır. Rusiya Azərbaycanın rus sülhməramlılarının onun ərazisini tərk etməsi ilə bağlı tələblərində qəti olduğunu başa düşdüyü üçün bu prosesə sülhməramlı qüvvələri hazırlamaq üçün belə bir generalı regiona göndərib”.

Xatırladaq ki, 54 yaşlı Kulakov bu vəzifədə general-polkovnik Aleksandr Lentsovu əvəz edir. A.Lentsov cari ilin aprel ayında bu vəzifəyə təyin olunmuşdu. Ondan əvvəl isə sülhməramlıların komandanı Andrey Volkov idi.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı