AMEA ilə AFAD arasında memorandum imzalandı

Sentyabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.

Bu barədə Metbuat.az-a AMEA-dan məlumat verilib.

Görüşdə Azərbaycanla Türkiyənin elmi qurumları arasında qarşılıqlı elmi əlaqələrin inkişafından danışan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın AFAD-la zəlzələlərin tədqiqi sahəsində nəzərdə tutulan əsas elmi istiqamətlər üzrə əməkdaşlığının perspektivlərini diqqətə çatdırıb. AMEA rəhbəri, həmçinin Şuşada türkiyəli həmkarları tərəfindən verilən seysmik stansiyanın quraşdırılması işlərinin davam etdiyini bildirib.

Öz növbəsində AFAD-ın rəhbəri Okay Memiş Türkiyə və Azərbaycan arasında seysmologiya sahəsində əlaqələrin hazırkı vəziyyəti ilə bağlı məlumat verib. Zəlzələlər haqda qarşılıqlı məlumat mübadiləsi və texniki vasitələrin tətbiqi məsələlərinə toxunub.

Görüşdə AFAD və AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında seysmoloji tədqiqatlar sahəsində birgə həyata keçirilən işlərdən bəhs olunub, imzalanan əməkdaşlıq müqaviləsinin hər iki təşkilatın bu sahədə əlaqələrinin daha da genişlənməsinə əsas verəcəyi vurğulanıb.

Sonra AMEA ilə AFAD arasında zəlzələ müşahidə sistemləri üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və AFAD-ın rəhbəri Okay Memiş imzalayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı