Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, rəsmi İrəvanın qeyri-dost hərəkətləri fonunda ona etiraz notası təqdim edilib.
Metbuat.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
“Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt etiraz edilib”, - Rusiya XİN-dən bildiriblər.
Nazirlikdən vurğulayıblar ki, son vaxtlar Ermənistan Respublikasının rəsmi dairələrində və siyasi elitasında KTMT çərçivəsində və Rusiya ilə müttəfiqlik əlaqələrinin məqsədəuyğunluğu, habelə Moskva, İrəvan və Bakı arasında 2020-2022-ci illərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması yolları haqqında qəbul edilmiş üçtərəfli sazişlər toplusunun uyğun şəkildə həyata keçirilməsi ilə bağlı müəyyən şübhələr yaranıb.
“Bundan əlavə, Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın sentyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarovaya və bütövlükdə Rusiya Xarici İşlər Nazirliyinə ünvanladığı təhqiramiz bəyanatlarının qəbuledilməzliyini göstərən etiraz notası təqdim edilib”, - nazirlikdən əlavə edilib.
Rusiya XİN həmçinin Arutyunyana sentyabrın 7-də Ermənistanda bloger Mikael Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyanın saxlanılması ilə bağlı narahatlığını bildirib.