Hamıya zəng etdi, Putindən başqa - "Moskva-İrəvan xəttində çatlar var"

Ermənistan Baş naziri Nikol Paşinyan bölgədə yaranan gərginlik fonunda bir gündə 5 ölkə rəhbərinə zəng etdi. İran Prezidenti Seyid İbrahim Rəisi, Fransa prezidenti Emmannuel Makron, ABŞ Dövlət katibi Antoni Blinkenlə, Almaniya kansleri Olaf Şoltsla və Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə telefon danışığı olub. Baş nazir hər telefon danışığında Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu bildirib. Rəsmi Bakı isə cavabında hələ İrəvandan heç bir müraciət almadığını bildirib.

Paşinyanın bu ssenarisi 44 günlük Vətən müharibəsi illərindəki telefon zənglərini xatırladır. Lakin bu dəfə Rusiya Prezidenti Vladimir Putinlə hər hansı telefon danışığı baş tutmadı. Bölgədə yaranan hər gərginlik zamanı həmişə öncə Putinə zəng edən Paşinyanın bu dəfə gözlənilən zəngi etməməsi müzakirə mövzusuna çevrilib.

Metbuat.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Paşinyanın telefon zəngləri, əslində, Azərbaycana qarşı cəbhəni genişləndirmək, Ermənistanı sülhpərvər göstərmək cəhdidir. Onun sözlərinə görə, Ermənistan bu addımları ilə Qərbə Rusiya ilə olan münasibətlərini göstərmək istəyir:

"Təbii ki, burada Azərbaycana qarşı Ermənistanı müdafiə edən ölkələrin sayını çoxaltmaq istəkləri var. Həmişə təcrübə göstərir ki, Nikolun ilk zəng yeri Rusiya Prezidenti olub. Bu dəfə isə fərqli oldu. Mövcud Rusiya-Ermənistan münasibətləri çox kəskin mərhələdədir. Paşinyan hakimiyyətə gələndən sonra zaman-zaman enişli-çıxışlı hadisələr baş verib. Lakin hazırkı münasibətlərə səbəb Paşinyanın Qərbə doğru yönəlməsidir. Xüsusilə, burada Amerika-Ermənistan təlimlərini misal göstərə bilərik.

Ermənistan rəsmilərinin Rusiyaya qarşı, eyni zamanda Rusiyanın cavab bəyənatları göstərir ki, Moskva-İrəvan xəttində ciddi çatlar var. Bu fonda Paşinyanın indiki halda Putinə zəng etməsi təəccüblü olardı. Belə halda Putin ondan baş verənləri soruşacaq, xüsusilə ABŞ-Ermənistan təlimlərini. Buna görə də, Paşinyan Rusiyadan maksimum kənar gəzir. Bununla da həm də Qərbə Rusiya ilə münasibətlərin soyuq olduğunu göstərməyə çalışır".

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan G20 sammitində Nikol Paşinyanla telefon danışığı aparacağını bildirib. Erməni KİV-ləri bu telefon zəngini Türkiyənin Rusiya və Ermənistan arasında birbaşa vasitəçi olacağı ilə bağlayırlar.

Asif Nərimanlı qeyd edib ki, bunu vasitəçi kimi dəyərləndirmək doğru olmazdı. Ərdoğan daha çox birləşdirici fiqur ola bilər:

"Mən belə düşünmürəm. Tam birbaşa vasitəçilik deməzdim. Düşünürəm ki, hazırkı hadisələr fonunda Ərdoğan iki ölkə arasında birləşdirici fiqur rolunu oynaya bilər. ƏrdoğanPaşinyan arasında telefon danışığında Qarabağda gərginliyin azaldılması və Zəngəzur dəhlizi məsələsi əsas müzakirə mövzusu ola bilər.

Güman ki, Ərdoğan Azərbaycanın tələblərini Paşinyana təqdim edəcək. Dünən də Prezident İlham Əliyevlə telefon danışığı baş tutub. İlkin tələblər separatizmə verilən dəstəyin qarşısının alınması, Laçın yolu, sülh, Azərbaycanın Naxçıvana birbaşa maneəsiz keçidinin verilməsi - iki ölkə arasında gərginliyin azaldılması məsələsi ilə bağlı danışıqlara hesablanmış məsələlər ola bilər".

Siyasi şərhçi hesab edir ki, Ərdoğan telefon danışığında regiondakı vəziyyəti Paşinyana izah edəcək:

"Bir növ Ərdoğanla Paşinyanın telefon zəngi Ermənistana vəziyyəti izah etmək və xəbərdarlıq xarakteri daşıya bilər. Ermənistan rəhbərliyinə bildirə bilər ki, öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə praktiki və hərbi müstəvidə addımlar atılacaq. ABŞ-la təlimlər, Avropa İttifaqının müşahidə missiyası altında Qərb qüvvələri bölgəyə gəlir. Bu da bölgədə heç bir ölkənin marağı ilə uyğunlaşmır. Ərdoğan bir növ Paşinyana vəziyyəti izah edəcək".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı