Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Milli Məclisdə Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın və Avstraliyanın parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Səfərin qanunverici orqanlarımızın əlaqələrinin inkişafı baxımından əhəmiyyətini vurğulayan işçi qrupun rəhbəri Xanlar Fətiyev Azərbaycanın tarixi, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf prosesləri, Milli Məclisin strukturu, fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ölkə parlamentinin də əsası qoyulub. 1991-ci ildə isə ölkəmiz müstəqilliyini bərpa edib. Azərbaycan 20 ildən artıqdır ki, bu müstəqillik yolu ilə uğurla inkişaf edir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dinamik inkişaf hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İşçi qrupun üzvü Çingiz Əsədullayev Azərbaycan və Avstraliya parlamentləri arasındakı əlaqələrin inkişafının önəmindən danışıb. O deyib ki, Azərbaycan parlamenti beynəlxalq əlaqələrə böyük önəm verir. Milli Məclisdə hazırda 70-dən artıq ölkənin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir.
Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib.
Avstraliya parlamentinin üzvü Luke Simpkins Azərbaycana səfərdən şad olduqlarını bildirib. O, səfər çərçivəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair müzakirələrin aparıldığını söyləyib.
Avstraliyalı deputat Azərbaycanda gedən inkişaf proseslərinin, xüsusilə də iqtisadi və sosial sahələrdə çiçəklənmənin təqdirəlayıq olduğunu vurğulayıb. O, həmçinin Azərbaycan-Avstraliya əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.