Ombudsman məlumat yaydı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qubadlı və Zəngilanda insan qalıqlarının aşkar olunması ilə bağlı məlumat yayıb.

Ombudsman Aparatından Metbuat.az-a verilən məlumata görə, məlumatda bildirilib ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aid olduğu ehtimal olunan növbəti insan qalıqları Qubadlı rayonunun Məlikəhmədli və Zəngilan rayonunun Vejnəli kəndlərində aşkarlanaraq ekshumasiya edilib:

"Müvafiq orqanlar tərəfindən aidiyyəti tədbirlər görülərək onların şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər aparılacaqdır.

Otuz ilə yaxın müddət ərzində işğal altında qalmış Qubadlı və Zəngilan rayonlarında da məzarlıqların aşkarlanması faktı Ermənistan tərəfindən azərbaycanlı əsir, girov və itkin düşmüş şəxslərə qarşı törədilmiş amansız cinayətlərin miqyasının genişliyini göstərir.

Bu kimi hallar Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmasının aşkar sübutlarındandır.

Azad edilmiş ərazilərdə çoxsaylı kütləvi məzarlıqların olması aidiyyəti araşdırmaların aparılmasını və tədbirlərin görülməsini zəruri edir. Ermənistan tərəfi dəfn yerlərinin koordinatlarını təqdim etməsə də, Azərbaycan tərəfi müvafiq araşdırmalarla həmin məzarlıqları üzə çıxararaq itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə çalışır.

Bir daha dünya ictimaiyyətini beynəlxalq hüquq və insan hüquqları sahəsində mövcud tələblərin təmini naminə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-ə yaxın azərbaycanlının sonrakı taleyi ilə bağlı məlumatları təqdim etməsi üçün Ermənistana qəti çağırışlar etməyə dəvət edirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı