Rumıniyanın Mamaya şəhərində yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatında 7-ci turun oyunları keçirilib.
Azərbaycan Şahmat Federasiyasından Metbuat.az-a verilən məlumata görə, 12 yaşadək şahmatçıların yarışında təmsilçimiz Əhməd Xaqan lider Marin Pauya (İspaniya) qalib gələrək birinci yerə yüksəlib.
14 yaşadək iştirakçıların mübarizəsində Rüstəm Rüstəmov İspaniyanı təmsil edən Daniel Tabuenkanı məğlub edib. Bu qələbədən sonra R.Rüstəmov 6 xalla liderlər sırasındadır. 8 yaşadək qızların yarışında Mehriban Əhmədli 7-ci turda Kamil Bilot-Lauleni (Fransa) məğlub edib.
U-18 yarışında ağ fiqurlarla oynayan Xəzər Babazadə 7-ci turda Elham Abdrlaufu (Norveç) üstələyib. Aktivində 6 xal olan X.Babazadə bu kateqoriyada lider mövqedədir. Ayan Allahverdiyeva Rumıniya şahmatçısı Aleksia-Teodora Puini təslim olmağa məcbur edib.
Beləliklə 7 turdan sonra müxtəlif yaş kateqoriyalarında Əhməd Xaqan, Xəzər Babazadə, Mehriban Əhmədli, Ayan Allahverdiyeva birinci, Rüstəm Rüstəmov ikinci, Məhəmməd Kazımzadə və Əsnad Baxşızadə isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, yarışa sentyabrın 14-də yekun vurulacaq.