Azərbaycan xalqı 20 Yanvar qurbanlarının xatirəsini əziz tutur

Azərbaycan xalqı 20 Yanvar qurbanlarının xatirəsini əziz tutur
16:18 19 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Vergilər Nazirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimin başlanğıcında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Vüqar Nəsibov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 25 il əvvəl ölkəmizin ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.
Tədbirdə qeyd edilib ki, Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb. Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda ulu öndərin çəkinmədən Azərbaycan Respublikasının Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırması, öz xalqı ilə birlikdə olduğunu aşkaranə şəkildə nümayiş etdirməsi minnətdarlıq hissi ilə xatırlanıb.
Tədbirdə xüsusi vurğulanıb ki, Azərbaycan xalqı 20 Yanvar qurbanlarının xatirəsini bu gün də əziz tutur. Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq konkret göstərişlər verir, kompleks tədbirlər həyata keçirilərək onlara lazımi diqqət və qayğı göstərilir.
Sonda Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Unutqanlıq qorxunc bəladır” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_xalqi_20_Yanvar_qurbanlarinin_xatiresini_eziz_tutur-825780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR