İnsanlar sənətə pul xərcləməli, ondan zövq almalıdır - Nizami Cəfərov

Bir müddət öncə Azərbaycan dili və Ədəbiyyat forumunun yekunlarına həsr edilən iclasda çıxışı zamanı Mədəniyyət naziri Adil Kərimli bildirmişdi ki, sovet ənənələri ilə vidalaşıb, mədəniyyətə yeni ənənələr gətirmək lazımdır. Ümumiyyətlə, sovet ədəbiyyatı anlayışı ilə bağlı mövcud ədəbiyyatlarda bunun XIX əsrin sonlarında Avropada marksizm təliminin yaranması, yaxud XX əsrin əvvəllərində Azərbaycanda bolşevizmin meydana çıxması ilə əlaqələndirən məqamlar mövcuddur.

Akademik İsa Həbibəyli yazır ki, sovet ədəbiyyatı Azərbaycanda sosialist həyat tərzinin başlandığı 1920-ci ildən sonrakı dövrə aid edilir.

Ümumilli lider Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi 1969-1982-ci illərdə ölkədə milli-mənəvi dəyərlərə, böyük ədəbi-tarixi şəxsiyyətlərin ideallarının təbliğinə, özünüdərk proseslərinin dərinləşdirilməsinə, vətənpərvərlik ideyalarının genişləndirilməsinə böyük qayıdış mərhələsi yaşanmışdır. Azərbaycan dili respublikanın konstitusiyasında dövlət dili statusu qazanmışdır.

Sovet hakimiyyəti illərində yaranan bədii əsərlərdə qələm sahibləri mövcud ideoloji tələblərə uyğun olaraq sinfilik prinsipinə daha çox əməl edərdilər. Çünki sinfilik prinsipi ədəbiyyatda proseslərin marksist-leninçi ideologiya işığında təqdim olunmasına geniş şərait yaradırdı. Sovet dövrünün bütün çətinliklərinə baxmayaraq, Azərbaycan yazıçıları müxtəlif bədii vasitələrlə öz sözlərini deməyə, vətəndaşlıq mövqelərini ifadə etməyə ciddi səy göstərirdilər.

Bütün çətinlikləri və mürəkkəbliyi ilə bir yerdə sovet dövrünün Azərbaycan ədəbiyyatının ayrıca mərhələsi olduğunu nəzərə alsaq, Nazirin dediyi kimi, bu ənənələrlə vidalaşmaq üçün ədəbiyyatımızda mövcud potensial varmı?

Bu suala cavab olaraq Metbuat.az-a danışan Milli Məclisin deputatı, filologiya elmləri doktoru professor Nizami Cəfərov bildirdi ki, nazirin düşüncələri müasir düşüncənin məhsuludur. Hazırda bu sahədə inkişafın sovet dövrü ənənələri ilə vidalaşmağa məcbur etdiyini qeyd edən Nizami Cəfərov hesab edir ki, Azərbaycan ədəbiyyatı bütün mövcud tarixi boyu müstəqilliyini müdafiə edib:

“Bu əsasən iki səviyyədə baş verib. Bunların hansı birinin digərindən mühüm olduğu üzərində, ümumiyyətlə, mübahisə etmək mümkündür. Ancaq belə bir məqam, fikrimizcə, mübahisəsizdir. Milli ictimai şüur formalaşana qədər ədəbiyyat daha çox insanı, onun müstəqilliyini, formalaşdıqdan sonra isə etnosu, xalqı, milləti tərənnüm edir. Sovet ənələrinə görə, şair, yazıçı düşünürdü ki, kitab dövlət hesabına nəşr edildikdən sonra o bunun üçün qonorar olacaq. Yəni sən kitabını özün təşəbbüs göstərib çıxara bilməzdin. Onlar sənin əvəzinə bu işi görürdülər. İndi bu mümkün deyil. Yəni heç bir şair, yazıçı dövlətdən kitabını çap etdirməyi, yaymağı tələb edə bilməz. Sadaladığım sovet dövrünün ən sadə ənənəsi idi.

Bu vəziyyət digər sənət adamları üçün də mümkün idi. Yəni bəstəkarlar, rəssamların əsərlərinin yayılmasında sovet ənənəsi kömək edirdi. Ədəbiyyat, mədəniyyət, incəsənət istedadların hesabına yaranır. Hamı bir yerdə yığışıb, ya bir şeir, ya bir musiqi əsəri yazmır, bunu ayrı-ayrı xüsusi istedadlar yaradırlar. Bu sahə inkişaf etməlidir”.

Nizami Cəfərov deyir ki, yaradıcılığın subyektiv tərəfi elə inkişaf etməlidir ki, bu həm də gəlir gətirsin:

“Biz hamımız çox yaxşı bilirik ki, istedadla yaradılmış əsərlərə dünyanın hər yerində, o cümlədən də Azərbaycan cəmiyyətində ehtiyac var. Bunun üçün insanlar, incəsənət əsərlərindən, teatrdan, kinodan, bizim jurnallardan, yazıçıların yaradıcılığından zövq almağı bacarmalıdırlar. Və bunun üçün xərc çəkməyi də özlərinin işi hesab etməlidirlər. Hazırda bu məsələlərin həllindən söhbət gedir.

Sovet dövrü ənənələrinin də çox maraqlı cəhətləri var idi. Heç sovet dövrü də özündən əvvəlki dövrün bütün ənənələrindən imtina etməmişdi. Məhəmməd Füzuli bütün dövrlərdə yaşayır, amma bununla yanaşı, hər dövrün ona öz münasibəti var”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı