İlin sonunadək sülh sazişinin imzalanacağına ümid edirik - Hacıyev

"Biz hazırda bu ilin sonunadək sülh sazişinin imzalanacağına ümid edirik və erməni siyasi rəhbərliyini başlıca addımı ataraq, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, Azərbaycanın razi bütövlüyünü sülh sazişində öz rəsmi imzası ilə təsdiq etməyə və gələcəkdə ölkəmizin daxili işlərinə müdaxilə etməkdən çəkinməyi öhdəsinə götürməyə çağırırıq".

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində bildirib:

"Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan hərəkətləri, təəssüf ki, nəticələrə, o cümlədən sülh sazişinin imzalanması məsələsində beynəlxalq vasitəçilərin səyləri sayəsində tərəqqiyə kölgə salır. Biz hazırda bu ilin sonunadək sülh sazişinin imzalanacağına ümid edirik və erməni siyasi rəhbərliyini başlıca addımı ataraq, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, Azərbaycanın razi bütövlüyünü sülh sazişində öz rəsmi imzası ilə təsdiq etməyə və gələcəkdə ölkəmizin daxili işlərinə müdaxilə etməkdən çəkinməyi öhdəsinə götürməyə çağırırıq. Bu, bizim daxili məsələlərin kənara çıxarılması cəhdinə, o cümlədən Qarabağdakı erməniəsilli vətəndaşlarımızın bizimlə qarşılıqlı fəaliyyətinə dair məsələlərin əhalinin bu qrupunun hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi bəhanəsi ilə beynəlxalq müstəviyə çıxarılmasına da aiddir. Onlar bizim vətəndaşlarımızdır və təhlükəsizlikləri Azərbaycan Konstitusiyası ilə təmin ediləcək. Vacib olan odur ki, Ermənistan ölkəmizdə separatçılığın maliyyələşdirilməsi və qızışdırılması siyasətindən əl çəksin. Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəldikdə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinə verdikləri töhfəni yüksək qiymətləndiririk. Öz fəal vasitəçiliyi ilə 2020-ci ilin noyabrında irimiqyaslı hərbi əməliyyatlara son qoyan üçtərəfli Bəyanatın imzalanmasını təmin edən Rusiyanın bu prosesdə rolu son dərəcə mühümdür. Avropa İttifaqı və ABŞ da danışıqlar prosesinə öz töhfələrini verirlər. Ümumilikdə, danışıqlar prosesində hər bir trek öz-özlüyündə nadirdir və ən problemli məsələlər üzrə Bakı ilə İrəvan arasında dialoqun aparılmasına kömək edir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı